Qurban Qurbanova çatmağa hələ çox var
15.08.2013 - 12:08
Qurban Qurbanova çatmağa hələ çox var
Azərbaycan yığmasının bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Malta ilə yoldaşlıq görüşündə (3:0) ikinci qola imza atan Rauf Əliyev millimizin ən məhsuldar 10 futbolçusu arasında mövqeyini yaxşılaşdırıb.

Bu qarşılaşmayadək hesabında 5 qol olan hücumçu milli karyerasında 6-cı dəfə fərqlənib. Əliyev bununla, 5-ci olan Zaur Tağızadəyə çatıb. Bu 2 futbolçunun hesabında eyni sayda – 6 qol var. Rauf Malta ilə oyunadək şərik olduğu millinin 4 sabiq futbolçusunu arxada qoyub.

Raufun komandamızın heyətində ən çox qol vuran Qurban Qurbanovun rekorduna çatmasına isə hələ çox var. Çünki rekordçumuz Əliyevlə bu siyahıda 2-ci olan Vaqif Cavadovun qollarının ümumi sayı qədər fərqlənib.

1. Qurban Qurbanov - 14
2. Vaqif Cavadov - 8
3-4. Branimir Subaşiç, Elvin Məmmədov - 7
5-6. Rauf Əliyev, Zaur Tağızadə - 6
7-10. Fərrux İsmayilov, Nazim Süleymanov, Vidadi Rzayev, Vyaçeslav Lıçkin - 5