AFFA rəhbərliyi bunu da gördü!
15.08.2013 - 13:51
AFFA rəhbərliyi bunu da gördü!
Malta ilə yoldaşlıq oyunu Azərbaycan millisi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 3:0 hesablı qələbəyə 2 qolla töhfə verən Rüfət Dadaşov yığmamızın dubl həsrətinə son qoyub.

Belə ki, yığmamızın futbolçuları 6 ilə yaxın idi dubl üzünə həsrət qalmışdılar.

Baş məşqçi Berti Foqtsun yığmamızdakı 6 ilə yaxın fəaliyyəti dövründə belə şey olmamışdı. Rüfətədək sonuncu dubl isə 2184 gün əvvəl qeydə alınmışdı.

2007-ci il avqustun 22-də Tacikistanla səfər oyununda Samir Əliyev 2 qolla yığmamızın qələbəsində pay sahibi olmuşdu. Buna qədərki sonuncu dubl qeydə alınanda hətta AFFA-nın indiki prezidenti Rövnəq Abdullayev də bu postda deyildi. Bir sözlə, Dadaşov həm AFFA-nın indiki rəhbərliyi, həm də yığmanın baş məşqçisi üçün ilkə imza atdı.

Bu dubl həm də yığmamızın Azərbaycanda keçirdiyi oyunlarda ilk belə uğurudur. Çünki millimizin indiyəqədərki ev qarşılaşmalarında heç bir futbolçumuz dubla imza atmamışdı.

Dadaşov millimizin ümumilikdə 8-ci dublunun müəllifidir. Bunlar 7 oyunçunun hesabına yazılıb. Yalnız 1 futbolçumuz – Qurban Qurbanov 2 dəfə dubl müəllifi olub.

Ondan başqa, Nazim Süleymanov, Ruslan Lukin, Vladislav Qədirov, Nadir Nəbiyev və Samir Əliyev də Rüfətin bacardığını gerçəkləşdirmişdi. Həmin - əvvəlki 7 dubldan beşi səfərdə, ikisi neytral meydanda qeydə alınıb. Bu da İranda keçirilən beynəlxalq turnirdə gerçəkləşib. Azərbaycanda isə ilk belə hadisə milliləşən almaniyalının hesabına mümkün oldu.