“Qarabağ” məşqçisini “Ayntraxt” – “Bavariya” oyununa göndərir
15.08.2013 - 16:12
“Qarabağ” məşqçisini “Ayntraxt” – “Bavariya” oyununa göndərir
“Qarabağ” Avropa Liqasının son təsnifat mərhələsində rəqibi olan “Ayntraxt”ın oyununu izləməyə məşqçisini göndərəcək. Bu haqda apasport.az saytına məlumat verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov əsas köməkçisi Elçin Rəhmanovun Frankfurta gedəcəyini bildirib.

Belə ki, 34 yaşlı məşqçi rəqibin çempionatının II turunda avqustun 17-də “Bavariya” ilə Bakı vaxtilə saat 18:30-da başlayacaq ev oyununu stadiondan izləyəcək: “Köməkçim yüzdəyüz bu matçı izləməyə gedəcək. Açığı, özüm getmək istəyirdim. Sadəcə, daha çox “Xəzər Lənkəran”la oyuna hazırlaşdığımızdan gedə bilmədim. İndi elə bir vaxtdır ki, futbolçuların çoxu millidədirlər və bizim oyuna hazırlaşmağa 1 gün vaxtımız olacaq. Komandanı bir yerə yığmaq lazımdır və məncə, baş məşqçinin olmağı burda vacibdir. Rəqibimizi canlı görməyimiz mühümdür”.

Qeyd edək ki, Rəhmanov bundan öncəki mərhələdə İsveçin “Gefle” klubunun çempionatda oyununu izləməyə yollanmışdı.

Mehman SÜLEYMANOV