Timo Lippuner: Azərbaycanda hazırlıq şərəfdir
16.08.2013 - 09:11
Timo Lippuner: Azərbaycanda hazırlıq şərəfdir
“Azərbaycanda təlim-məşq toplanışı keçirmək bizə böyük şərəfdir. Gələn ay start götürəcək Avropa çempionatına hazırlıq üçün burada hər şərait var”. Apasport.az saytının məlumatına görə, bunu Bakıda təlim-məşq toplanışında olan İsveçrə millisinin məşqçisi Timo Lippuner deyib.

Avqustun 11-dən ölkəmizə gələn Avropa çempionatının ev sahiblərindən biri millimizlə məşqlərdən razıdır. 2 gün öncə Faiq Qarayevin yetirmələrinə 1:3 hesabı ilə uduzan isveçrəlilərin çalışdırıcısı bildirib ki, Bakıda beynəlxalq turnirə də qatılacaqlar. Onlar yığmamızla yanaşı, yenidən ölkəmizə gələn “Uraloçka” (Rusiya), millimizin əvəzedici komandası və digər oyunçularımızdan qurulmuş komanda ilə dairəvi sistemlə güclərini yoxlayacaqlar.

İsveçrə yığması Azərbaycan toplanışını başa vurduqdan sonra Polşaya yollanacaq.

Qeyd edək ki, Avropa çempionatı sentyabrda Almaniya və İsveçrədə keçiriləcək. Azərbaycan millisi qrup oyunlarına Drezdendə çıxacaq. Oksana Parxomenkonun zədə səbəbindən buraxacağı yarışda komandamıza kapitanlığı isə Natalya Məmmədovanın edəcəyi dəqiqləşib.