Reynaldo zədəsindən danışdı: “Ayntraxt”a qalib gələcəyik
19.08.2013 - 15:22
Reynaldo zədəsindən danışdı: “Ayntraxt”a qalib gələcəyik
“Ayağımda ağrılar hiss edirəm. Lakin vəziyyət o qədər də ciddi deyil ki, bunun üçün dərin müayinədən keçim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo da Silva deyib.

Topaz Premyer Liqasının III turunun “Xəzər Lənkəran”la oyununda əzələsini dartan cənubi amerikalı yarımmüdafiəçi hazırkı durumuna aydınlıq gətirib.

Komandasının Avropa Liqasında ən məhsuldar oyunçusu olan Reynaldo pley-off mərhələsinin Almaniya “Ayntraxt”ı (Frankfurt) ilə ilk matçında oynamasa belə qələbəyə inandığını bildirib: “Həkimlər indiki durumda mənə istirahət lazım olduğunu deyir. Ciddi problemim yoxdur. Ağrılardan qurtarmaq üçün 1 həftə dincəlməliyəm. Təəssüf ki, bu üzdən “Ayntraxt”la ilk qarşılaşmanı buraxmalı olacağam. Mənim üçün komandamı kənardan izləmək, meydanda olmamaq çox ağırdır. Lakin biz “Ayntraxt”a qalib gələcəyik. Çünki yaxşı oynayıb qalib gəlməli və səfərə üstünlüklə yollanmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu avqustun 22-də keçiriləcək.