“Ortaya məntiq qoymaq lazımdı, gülünc fikirlər yox”
19.08.2013 - 20:42
“Ortaya məntiq qoymaq lazımdı, gülünc fikirlər yox”
“Fasilədən sonra komandamızın hücumlarının ardı-arası kəsilmirdi. Amma rəqibin hakimin uydurma penaltisi ilə vurduğu qol komandamızı “sındırdı”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun direktoru Höccət Hacıyev deyib.

Topaz Premyer Liqasının III turunda keçirilən “Qarabağ” – “Xəzər Lənkəran” matçı (2:0) kobud hakim səhvi ilə yadda qaldı.
Belə ki, qarşılaşmanı idarə edən Rəhim Həsənov 60-cı dəqiqədə “ağ-yaşıllar”ı penalti ilə cəzalandırdı. Riçard Almeydanın dəqiq zərbəsindən sonra fərqi 2:0-a çatdıran “Qarabağ” sonda hesabına daha 3 xal yazdırdı.

Saytımıza müsahibəsində Həsənovun qərarının yanlış olduğunu təsdiqləyən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun isə “baş hakimin səhvi oyunun nəticəsinə təsir etməyib” deməsi isə Hacıyevin narazılığına səbəb olub.

“Necə yəni, oyunun nəticəsinə təsir edən səhv deyil? Hesab 0:1 olanda mübarizə aparmaq, xal və ya xallar qazanmağa inam çox olur, yoxsa 0:2 olanda? Ən azı fikir səsləndirəndə ortaya məntiq qoymaq lazımdı, belə gülünc fikirlər yox. Futbolu dərk edən hər kəs bilir ki, 2 top fərqi ilə geriyə düşəndə futbolçuların mübarizə əzmi çox vaxt qırılır. Üstəlik, rəqib “Qarabağ”dırsa, bu fərqi aradan qaldırmaq çox çətin olacaq. Amma penalti olmasaydı, bu qədər hücumun qarşısında hesab bərabərləşməyə doğru gedirdi və yekun nəticənin necə olacağı məlum deyildi. Hakimlər Komitəsinin sədri belə fikir səsləndirəndən sonra bəzi hakimlərin də əl-qolu açılır” – deyə, Hacıyev bildirib.

Klub rəsmisinin fikrincə, hakimlərin yanlış qərarları çox olsa belə, onsuz da oyununun nəticəsinə təsir edən səhv kimi qiymətləndirilməyəcək: “Bilirsiniz, əslində, ilk turda “Sumqayıt”la səfər matçında baş hakim xırda follarla komandamızın oyununa böyük təsir etdi. Biz uğursuzluğumuza don geydirmirik, amma görünür ki, bir çoxları “Xəzər Lənkəran”ın bu “qara zolaq”dan çıxmasına əməlli başlı qarşıdır və buna çalışır. Ancaq komandamız gücünü toparlayıb, geri dönüş edəcək”.