“Rəvan” biabırçı məğlubiyyətdən sonra islahatlara başladı
20.08.2013 - 17:09
“Rəvan” biabırçı məğlubiyyətdən sonra islahatlara başladı
Topaz Premyer Liqasında mövsümə uğursuz start verən “Rəvan” Premyer Liqanın III turunda “Bakı”ya böyükhesabla yenildikdən dərhal sonra baş məşqçi Vladislav Qədirov klub rəhbərliyi ilə görüş keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik 42 yaşlı mütəxəssisin oyun və nəticə barədə hesabatını dinləyib. Ardınca isə uğursuzluq zolağından çıxmağın yolları müzakirə olunub. Qədirovu tam dəstəkləyən rəhbərlik ona heyətə “əl gəzdirmək” izni də verib.

Bu gün isə təcrübəli məşqçi artıq islahatlara başlayıb. Təxminən 1 həftədir komandanın “sükanı” arxasına keçən Qədirov məşqlərdə və konkret “Bakı” ilə matçda gördüklərinə əsasən klubun oyun üslubuna uyğun gəlmədiyinə, sürətli futbolla ayaqlaşa bilmədiyinə görə 2 futbolçunu əsas komandadan uzaqlaşdırıb. Belə ki, Nodar Məmmədov və Bəxtiyar Soltanov komandadan göndərilib. Hər 2 futbolçu ilə danışıq olub və qarşılıqlı razılıq əsasında yolların ayrılması lazım bilinib.

Qeyd edək ki, “Rəvan” “Bakı”ya 0:5 hesabı ilə uduzmuşdu.