“Ayntraxt”ın meneceri: Bakıda o qədər futbol oynamışam ki...
22.08.2013 - 16:02
“Ayntraxt”ın meneceri: Bakıda o qədər futbol oynamışam ki...
“Bakı mənim üçün tanış məkandı. Çünki sovet dövründə bu şəhərə o qədər gəlmişəm ki...” Bunu apasport.az saytına açıqlamasında “Ayntraxt”ın ukraynalı meneceri İqor Simonov deyib.

Avropa Liqasının son təsnifat mərhələsində “Qarabağ”la oyunla əlaqədar ölkəmizə gələn 55 yaşlı mütəxəssis mətbuat konfransında da iştirak edirdi.

Belə ki, onun rus dilini bildiyini nəzərə alaraq, hər ehtimala qarşı tərcüməçi kimi dəvət etmişdilər. Ancaq 21 yaşlılardan ibarət yığmamızın almaniyalı baş məşqçisi Bernard Lippertin tərcüməçisi Osman Rəhimov iştirak etdiyindən, ukraynalının xidmətinə ehtiyac olmadı.

Bizimlə ayaqüstü söhbətləşən Simonov matç haqda almaniyalı baş məşqçisi Armin Fenin danışmasının daha məqsədəuyğun olduğunu bildirdi. Əvəzində “Şaxtyor”un keçmiş müdafiəçisi nostalji hisslərə qapıldı: “Təxminən 30 il öncə SSRİ çempionatında “Neftçi”yə qarşı çox oynamışam. Həmin vaxtlar Bakıya tez-tez səfər edirdik. Yadımdadır, mən hücumçunuz Maşallah Əhmədova qarşı oynayırdım. O, sağ cinahda, mən isə solda oynadığımdan, meydanda tez-tez üz-üzə gəlirdik. Maşallah öz sürəti ilə seçilən hücumçulardan idi”.

Ukraynalının sözlərinə görə, Bakını, Tofiq Bəhramov adına Respublika stadionunu görəndə, yaxşı mənada təəccüblənib: “Paytaxtınız həmin dövrlə müqayisədə çox dəyişib, gözəlləşib. Elə mərkəzi arena haqda da bunu deyə bilərəm. Biz oynayanda, Respublika stadionu fərqli idi. Yadımdadır, meydançaya tuneldən girirdik. Onda oturacaqlar taxtadan, stadion isə C hərfi formasında idi. Mən uzun illər Almaniyada yaşayıram. Vaxtilə “Ayntraxt”ın Futbol Akademiyasında uşaq futbolunda çalışırdım. İndi isə məni əsas komandaya dəvət ediblər”.

Simonov “İnter”in gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzeni də tanıyır: “O, 90-cı illərdə “Ayntraxt”da oynayıb. Bilirəm ki, Bakının “İnter” klubunun baş məşqçisidir. “Şaxtyor”un heyətində hazırda daha çox legionerlərin olmağı öz müsbət nəticəsini verir. Hər halda, komanda böyük uğurlara imza atırsa, deməli, görülən işlər düzgündür. Prezident Rinat Axmetov güclü maliyyə imkanlarına malikdir və kluba böyük dəstək göstərir. “Şaxtyor”un yeni stadionu olan “Donbass Arena” isə nəinki Ukraynada, Avropada ən gözəl arenalardan biridir”.

Qeyd edək ki, ukraynalı 2 dəfə - 1980 və 1983-cü ildə “Şaxtyor”un heyətində SSRİ kubokunun qalibi olub.


Mehman SÜLEYMANOV