Armin Fe: Əsas odur ki, Rəşad Sadıqovu sıradan çıxardıq
22.08.2013 - 22:17
Armin Fe: Əsas odur ki, Rəşad Sadıqovu  sıradan çıxardıq
“Oyuna çox ciddi yanaşırdıq. Qolu tez vurmağımız işimizə yaradı”. Apasport.az saytının xəbərinə görə, bunu “Ayntraxt” klubunun baş məşqçisi Armin Fe deyib.

Almaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la az öncə başa çatan oyunundan sonra fikirlərini açıqlayıb. “Qarabağ"ın fəal oynadığını deyən Fe hələlik mərhələni keçdiklərini düşünmür.

- "Qarabağ" Almaniya Bundesliqasında hansı yerlər uğrunda oynayardı?
- Buna tutarlı cavab vermək üçün 1 oyuna baxmaq bəs etmir. Bunun üçün bir neçə oyuna baxmalıyıq.

- Cavab matçında hansı nəticəyə ümid edirsiniz?
- Mərhələ keçən nəticəyə. Sözsüz ki, hesabı qorumağa yox, qrupa düşmək üçün qələbə qazanmağa çalışacağıq.

- Fərdi mübarizələrdə "Qarabağ"ın futbolçularını aşkar üstələyirdiniz. Bu, fiziki hazırlığın aşağı olmağı, yoxsa təcrübəsizliklə bağlıdır?
- Məncə, həlledici məqam odur ki, 14 nömrəli futbolçunuzu sıradan çıxara bildik. Bilirdik ki, o, liderlərdən biridir. Biz qol imkanlarımızda soyuqqanlı davrandıq.

- "Qarabağ" azarkeşlərini almanlarla müqayisə edə bilərsiniz?
- Azarkeşləriniz haqda xoş sözlər deyə bilərəm. Adətən qaçış çığırı olan stadionlarda belə dəstək hiss olunmur. Bizim azarkeşlər də pis deyildi. İkinci hissədə mənə elə gəldi ki, bura təyyarə enmişdi.

- "Qarabağ"ın futbolçularından kimləri bəyəndiniz?
- Sözün düzü, hansısa futbolçunu fərqləndirməyi xoşlamıram. Ancaq texnikalı oyun nümayiş etdirirdilər.

- "Qarabağ"ın işğal zonasının komandası olduğunu bilirdiniz?
- Bildiyimzi odur ki, rəqibimiz ev oyunlarının keçirdiyi məkan burdan 3-4 saatlıq ərazidə yerləşir. Ancaq hələlik ev oyunlarını Bakıda keçirməli olur.

- Həmyerliniz Berti Foqts getsə, Azərbaycan yığmasını çalışdırmaq təklifini qəbul edərsiniz?
- (gülür) Sözün düzü, Foqtsun gedib-getməyəcəyini bilmirəm. Bunu yalnız özü bilir. Mənin "Ayntraxt"la hələ 10 illik müqaviləm var. Hara çıxıram?

- Yığmamızda işləyən Bernard Lippertdən "Qarabağ" haqda məlumat soruşanda, nəsə deməkdən imtian etmişdi. Bəs kimdən məlumat almişdiniz?
- Açığı, Azərbaycandan işləyən məşqçilərdən məlumat toplamağı uyğun bilmədim. Çalışdım ki, özüm məlumat toplayım.