Qurban Qurbanov: Gəlin, özümüzü aldatmayaq
22.08.2013 - 22:45
Qurban Qurbanov: Gəlin, özümüzü aldatmayaq
“Həqiqətən də yaxşı komandaya qarşı oynayırdıq. Rəqibin ç yaxşı formalaşmış heyəti var. Azarkeşlərimizin belə komanda görməyi yaxşı haldı”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisinin çalışdırıcısı Avropa Liqasının pley-off mərhələsinin “Ayntraxt”a uduzduqları ilk oyunundan (0:2) sonra fikirlərini açıqlayıb.

“Bu, bizim üçün böyük təcrübədi. Ən azından Bakıda məğlub olmayacağımıza inanırdıq. İlk dəqiqələrdən diqqətsizlik oldu. Bu qolu gözləmirdik. Həmin epizoda baxacağıq. Rəqib cərimə meydanında təhlükəlidi. Hər birinin yüksək ustalıq səviyyəsi var. Hər 2 qolu vuran 14 nömrə öz sözünü dedi” – deyə, Qurbanov bildirib.

Qurbanov azarkeşlərə görə məyus olduqlarını da vurğulayıb: “Stadiona gələn çoxlu azarkeşlərə sevindirə bilmədiyimizə görə məyus olduq. Biz kiçik ölkələr çox güclü komandalara qarşı mübarizə aparmağa başlayırıq. Bilirəm ki, cavab oyunu haqda sual verəcəksiniz. Onu deyə bilərəm ki, Almaniyada bundan yaxşı oynayacağıq. Azarkeş dəstəyi böyük olsa da, çəkinməyəcəyik. Ancaq buna qədər çempionatda “Qəbələ” ilə oyunumuz var. Çalışacağıq ki, komandanı tam hazırlayaq”.

- Düşünmürsünüz ki, yerli futbolçuları əvvəldən buraxsaydınız, daha yaxşı olardı?
- Bu gün daha hazırlıqlı futbolçuları meydana buraxmağa çalışdıq. Texniki səhvlərimiz çox oldu. Rəqib 2-ci qolu vurandan sonra futbolçulara daha çətin idi.

- "Ayntraxt"la cavab matçından nə gözləyirsiniz?
- Frankfurta məğlub olmağa getməyəcəyik. Əksinə, daha yaxşı oyun göstərməyə çalışacağıq. Başqa yolumuz yoxdur.

- Bəlkə etiraf edərdiniz: ən böyük səhviniz nə idi?
- Düşünmürəm ki, səhv vardı. Sadəcə, rəqib Bundesliqa komandasıdır, futbolçulara onlara qarşı oynamaq çətin idi. Onlar çox güclü futbolçulardır. Biz Azərbaycan, onlar Almaniya çempionatında oynayır. Bu hər şeyi deyir.

- "Qarabağ" 3 il öncə "Borussiya"ya qarşı oynamış komandadı...
- Bizim çempionatı Almaniya Bundesliqası ilə müqayisə etmək olmaz. Onlarda hər oyunda stadion dolursa, bizdə yalnız beynəlxalq oyunlarda belə olur. Biz 1 addım irəli gediriksə, onlar bəlkə 10-50 addım irəli gedirlər.

- Corc Leroy bu qədər əvəzolunmaz futbolçu idi ki, ona sona kimi oynatdınız?
- O, əvəzolunmaz futbolçu yox, sadəcə, yüksək ustalığı olan futbolçudur. Belə futbolçuların meydanda olmağı vacibdir. Onun səhvləri olsa da, statistikaya görə ən faydalı oyunçularımızdan biri idi.

- Reynaldonun yolxuğunu hansı səviyyədə hiss etdiniz?
- Onun yoxluğu o deməkdir ki, sürət hansısa dərəcədə aşağı düşür. Reynaldo son vaxtlar ən yaxşı formada olan oyunçularımızdan biri idi. Təbii, blə rəqiblə oyunlarda Reynaldo kimi futbolçuların yoxluğu hiss olunur. Ancaq demək olmaz ki, Reynaldo olsaydı, nəticə başqa cür alınardı. Fenin fikri ilə razıyam ki, Rəşad Sadıqovu sıradan çıxara bildilər.

- Futbolçular qazondan narazılıq etdilər. Bu haqda nə deyə bilərsiniz?
- Qazon bundan yaxşı olsaydı, daha yaxşı... Ancaq hər iki komanda üçün eyni olduğundan, bunun üstünə çox getməyək. Ancaq qazonla bağlı problem vardı.

- Belə statistika var: son təsnifat mərhələsində "Qarabağ"a qarşı oynayan komanda sonda çempionatda qalib gəlir. Sizcə, "Ayntraxt" buna nail olacaq?
- Mən rəqibə uğurlar arzulayıram. Ancaq "Ayntraxt"a çətin olacaq. Çünki çempionluğa "Bavariya", "Borussiya" kimi güclü namizədlər var. Ancaq "Ayntraxt" da yaxşı komandadı.

- 0:2 hesablı məğlubiyyətdən sonra nəyəsə ümid etmək olar?
- Gəlin, özümüzü aldatmayaq. Bəlkə başqa rəqib olsaydı, nəyəsə ümid etmək olardı.

- Təsəvvür edək ki, oyun yenidən başlayır. Nəyi dəyişərdiniz?
- Sual çox maraqlıdı. Əlimizdə nə var, ondan istifadə edərdik. Heç nəyi dəyişməzdim.