“Ayntraxt”ın qırdığı seriyalar
22.08.2013 - 23:05
“Ayntraxt”ın qırdığı seriyalar
Avropa Liqasının pley-off mərhələsinin “Ayntraxt”la oyununda məğlub olan “Qarabağ”ın avrokuboklardakı uğurlu seriyaları qırılıb. Apasport.az saytının məlumatına görə, Almaniya Bundesliqasında çıxış edən Frankfurt təmsilçisi komandamızın məğlubiyyətsizliyinə son qoyub.

“Qarabağ” bu oyunadək həm avrokuboklarda, həm də qitə miqyaslı turnirlərdəki ev oyunlarında məğlubiyyətsizlik seriyasına malik idi. Qurban Qurbanovun yetirmələri sonuncu məğlubiyyətini 2011-ci il iyulun 28-də almışdı.

Həmin gün Avropa Liqasının III təsnifat mərhələsinin Belçikadakı oyununda “Brügge” “Qarabağ”ı 4:1 hesabı ilə böyükhesablı məğlubiyyətə uğratmışdı. Həmin komanda ilə cavab oyununda 1:0 hesabı ilə qalib gələn təmsilçimiz cari mövsümün ilk 6 matçında Makedoniya “Metallurq”unu (1:0, 1:0), Polşa “Pyast”ını (2:1, 2:2), İsveç “Gefle”sini (1:0, 2:0) keçən ağdamlılar ardıcıl 7 oyun idi uduzmurdu. 756 gündən sonra uduzan komandamız 7 oyunluq seriyası ilə vidalaşdı.

Son ev məğlubiyyəti isə daha əvvəl alınıb. 2010-cu il avqustun 26-da digər Almaniya klubu “Borussiya” komandamızı məğlub etmişdi. Dortmund təmsilçisi “Qarabağ”ı 1:0 hesabı ilə udandan sonra ağdamlılar 6 oyun idi öz meydanında yenilmirdi. 2010/11 mövsümündə Litva “Banqa”sı (3:0), Farer adalarının “Streymur”u (0:0), Belçika “Brügge”si (1:0), bu il isə Makedoniya “Metallurq”unu (1:0), Polşa “Pyast”ını (2:1), İsveç “Gefle”sini (1:0) Bakını qələbəsiz tərk etmişdi.

Göründüyü kimi son 4 qarşılaşmada qələbələri sıralayan “Qarabağ”ın bu seriyası da qırılıb. Öz meydanında ardıcıl 4 qələbədən sonra “Ayntraxt” qarşısında “Qarabağ”ın özü aciz qaldı.

Ağdamlılar Bakıda sonuncu dəfə 1-dən çox qolu 2010-cu il avqustun 5-də buraxmışdı. Həmin gün Polşa “Visla”sı üzərində qələbə qazanan təmsilçimiz qapısında 2 qol görmüşdü – 3:2. Növbəti 7 oyunda isə heç bir qonaq komanda, o cümlədən “Borussiya” “Qarabağ”a Bakıda 2 qol vurmamışdı.