Matiya Şpiçiç: Sanki oyunun ipini itiririk - MÜSAHİBƏ
23.08.2013 - 14:15
Matiya Şpiçiç:  Sanki oyunun ipini itiririk - MÜSAHİBƏ
“İnter”in xorvatiyalı futbolçusu Matiya Şpiçiç klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, müdafiəçi “İnter”ə keçidindən və mövsümə uğursuz başlamasının əsas səbəblərindən danışıb.

- “İnter”ə keçidiniz necə alındı?
- Mənim “Sibir”lə qüvvədə olan müqaviləm vardı və buna görə də daha bir ili Novosibirskdə keçirməli idim. Lakin “İnter”in baş məşqçisi Kaxaber Sxadadze tərəfindən təklif gəldi və etiraf edim ki, bu klubun mənimlə maraqlanmasını öyrənmək xoş idi. Bilirdim ki, “İnter” iddialı komandadı və yüksək yerlər uğrunda mübarizə aparır. Demək olar hər il avrokuboklarda iştirak edir. Bu fakt məni çox həvəsləndirdi. Düşündüm və təklifi qəbul etdim.

- “İnter”in kifayət qədər iddialı komanda olduğunu haradan öyrənmişdiniz?
- Heç kimdən məlumat almadım. Sadəcə, avrokuboklarda iştirak edən klublar arasında “İnter”in adına tez-tez rast gəlirdim. Bir daha təkrar edirəm ki, “İnter” demək olar hər il avrokuboklara qatılır. Bu komandanın hər il yerli birincilikdə yaxşı nəticələr əldə etdiyini anlayırdım.

- Yeri gəlmişkən, “Sibir”də vaxtilə “İnter”də oynamış hücumçu Robertas Poşkus çıxış etmişdi. Ona müraciət edərək klub barədə daha ətraflı məlumat toplamaq istəyi yaranmadı?
- Mən onu tanıyıram. Poşkus yaxşı oğlandır, lakin mən “Sibir”ə gələndə artıq komandanı tərk etmişdi.

- Siz artıq 2 aydır “İnter”in heyətində çıxış edirsiniz. Komanda haqqında nə deyə bilərsiniz? Burada gördükləriniz gözlədiklərinizi doğrultdumu?
- Gözlədiklərimi burada gördüm. “İnter” yaxşı təşkilatlanmış peşəkar klubdur. Ayrıca yaxşı qəbula görə uşaqlara təşəkkür etmək istəyirəm. Onlar mənə burada uyğunlaşmağıma kömək etdilər.

- İlk vaxtlar belə bir rəy formalaşmışdı ki, siz məşqçinin nə tələb etdiyini sonadək başa düşmürsünüz və komandanın taktiki sxeminə tam uyğunlaşa bilmirsiniz...
- Əvvəllər bu, məni narahat edirdi. Axı “İnter” mənim üçün yeni komandaydı. Burada başqa taktika, başqa məşq var və buna alışmaq üçün müəyyən vaxt tələb olunur. İlk vaxtlar bir qədər çətin oldu, lakin indi hər şey yaxşıdır. Əsas odur ki, futbolçu yeni şəraitə, yeni komandaya tez uyğunlaşsın və o zaman hər şey yaxşı olacaq. Bu, həmişə belə olur.

- “İnter”də daha iki cinah müdafiəçisi var, hər ikisi də yerli futbolçudur. Legioner limitinin olduğu halda onların start heyətində yer almaq şansları daha yüksək olur. Əsas heyətdə yer almaq uğrunda rəqabət aparmaq üçün özünüzü mübarizəyə hazır hiss edirsinizmi?
- Əlbəttə. Əsas heyətdə mübarizə aparmağa özümü hazırlıqlı hiss edirəm. Hər bir oyunçunun özünəməxsus üstünlüyü var. Hamı özünü istər oyunlarda, istərsə məşqlərdə yaxşı tərəfdən göstərməyə çalışır. Kimin matça daha yaxşı hazır olduğuna və kimin əsas heyətdə yer alacağına baş məşqçi qərar verir.

- 3 turdan sonra sizdə Topaz Premyer Liqası barədə hansı rəy formalaşıb?
- Səmimi desəm, bu barədə danışmaq mənə çətindir, axı cəmi 3 tur arxada qalıb. Düşünürəm ki, bu suala ən azı birinci dövrədən sonra cavab verə bilərəm. Onu deyə bilərəm ki, Azərbaycan çempionatı yüksəlişdədir.

- İlk turlarda “İnter”ə müsbət nəticələr əldə etmək müyəssər olmadı. Belə uğursuz startın əsas səbəblərini nədə görürsünüz?
- Həmin oyunların ilk hissələrində kifayət qədər yaxşı oynadıq. Komanda qol vurdu və kifayət qədər inamlı təsir bağışladı. Lakin fasilədən sonra ssenari dəyişir. Uğursuz nəticələrin başlıca səbəblərinin nədən ibarət olduğunu bilmirəm. Biz elə bil konsentrasiyanı, oyunun ipini itiririk. Amma ümid edirəm ki, növbəti matçda hər şey bizim üçün uğurlu alınacaq və yaxşı nəticə əldə etməyi bacaracağıq.