Uğursuz pley-off və “Neftçi”
23.08.2013 - 15:43
Uğursuz pley-off və “Neftçi”
Avrokubokların pley-off mərhələsi Azərbaycan klubları üçün yenə uğursuz alındı. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Ayntraxt” klubu ilə ilk oyunda 0:2 hesabı ilə uduzan “Qarabağ” bu mərhələlərdəki 6-cı məğlubiyyətimizi rəsmiləşdirdi. Bu isə cəmi 9 oyunda qeydə alınıb.

İndiyədək heç vaxt Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyən təmsilçilərimiz yalnız Avropa Liqasında bu qədər uzağa gedə bilir. Bunu da yalnız “Qarabağ” və qitənin ən nüfuzlu klub turnirində uduzduğu üçün bura gələn “Neftçi” ilə “Bakı” bacarıb. Onlar ümumilikdə 5 dəfə pley-offda oynamalı olub.

Bu 3 klubdan yalnız “Neftçi” qrup mərhələsi ərəfəsində qələbə qazanmağı bacarıb. Həmin qələbə ilə qrupa yüksələn “ağ-qaralar”ın rekordu isə təkrarolunmazdı. Çünki nə “Bakı”, nə də artıq 3-cü dəfə pley-offa çıxan “Qarabağ” burada qələbə qazanıb. Bu mərhələdə 5-ci oyununu keçirən ağdamlılar 4-cü dəfə uduzublar və yalnız 1 dəfə heç-heçəyə seviniblər. “Neftçi” əksər klublarımız üçün əlçatmaz, digərləri üçün uğursuz olan pley-offda məğlub da olmayıb: 1 qələbə və 1 heç-heçə.

2009/10
“Tvente” (Hollandiya) - “Qarabağ” – 3:1, 0:0
“Bakı” – “Bazel” (İsveçrə) – 1:3, 1:5

2010/11
“Borussiya” (Dortmund, Almaniya) – “Qarabağ” – 4:0, 1:0

2012/13
“Neftçi” – APOEL (Kipr) – 1:1, 3:1

2012/14
“Qarabağ” – “Ayntraxt” (Frankfurt, Almaniya) – 0:2