“Palmeyras”da oynayıb, “Xəzər Lənkəran”a gəlir
23.08.2013 - 23:01
“Palmeyras”da oynayıb, “Xəzər Lənkəran”a gəlir
“Xəzər Lənkəran” növbəti transferini reallaşdırmaq üzrədi. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu Devid Sakkoni böyük ehtimalla yaxın günlərdə cənub təmsilçisinə keçəcək.

26 yaşlı yarımmüdafiəçi İtaliya köklərinə malik olduğundan, bu ölkənin də vətəndaşlığını daşıyır. 1,74 metr boya malik futbolçu hücumameylli yarımmüdafiəçidi.

“Quarani” klubunun yetirməsi olan Sakkoni 2007-ci ilədək əvvəl bu komandanın aşağı yaş qruplarında, sonra əsas heyətində çıxış edib. 2007-10-cu illərdə daha iddialı “Palmeyras”ın formasını geyinib. 2007-ci ildə, 20 yaşında bu klubun heyətində A seriyasında 9 matça çıxan futbolçu növbəti ili zədə üzündən boşa verib.

2009-cu ildə San-Paulu ştatının çempionatında 4 matçda 1, A seriyasında 17 qarşılaşmada 2 qol vurub. Yarımmüdafiəçi A seriyasındakı qollarını “Qoyas” və “Sport”la matçlarda rəqib qapısından keçirib.

2010-cu ildə 3 komandada çıxış edən Devid “Palmeyras”da San-Paulu ştat çempionatında 10, Braziliya kubokunda 2 oyun keçirib. Ştat çempionatında yarımmüdafiəçi 2 qol da vurub. Sonra qısa müddətə “Qoyas”a keçən futbolçu A seriyasında 2 matça çıxıb və “Qremio Barueri”yə üz tutub.

Bu klubda oynadığı vaxt son illər Azərbaycan çempionatının ən yaxşısı seçilən, ölkəmizdə Sakkoninin komandasının prinsipial rəqibi olan “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo ilə birlikdə çıxış edib. 2010-cu ilin iyulunda transfer olunan Devidin gəlişindən az sonra Flavinyo Azərbaycana üz tutub. Onlar yalnız 1 qarşılaşmada komandanın uğuru üçün çalışıb. Həmin görüşdə də start heyətdə yer alan Sakkoni 66-cı dəqiqədə əvəzlənib, Flavinyo isə 77-ci dəqiqədə meydana çıxıb. Yəni onların eyni vaxtda meydanda olması üçün 11 dəqiqə yetməyib. Sonra isə sonuncu “Neftçi”yə transfer olunaraq ardıcıl 3 dəfə çempion olub.

Devid isə “Qremio Barueri”də 11 matç keçirib. Bu oyunların biri Cənubi Amerika kubokuna təsadüf edib. Maraqlıdır ki, o, hələ “Palmeyras”la oynayanda ştat çempionatında Flavinyonun komandası ilə görüşüb. Hər 2 yarımmüdafiəçinin qol vurduğu matç 2:2 hesabı ilə başa çatıb.

Sakkoni isə 2011-ci ildə “Nautiko”ya keçən yarımmüdafiəçi Pernambukano ştatının çempionatında 1, B seriyasında 1, Braziliya kubokunda 4 oyun keçirib. Sonuncu turnirdə Sakkoni qol sevinci də yaşayıb. Ardınca “Braqantino”da çıxış edən braziliyalı B seriyasında 14 oyuna 3 qol vurub.

2012-ci ildə ilk dəfə legioner həyatı yaşayıb. Dayvid Yaponiyanın “Veqalta Sendai” klubuna keçib və bu komandada cəmi 1 oyunun iştirakçısı olub. 2013-cü ildən yenidən vətənə qayıdan yarımmüdafiəçi B seriyasında çıxış edən “Braqantino”ya qoşulub. Bu il B seriyasında 4, Braziliya kubokunda 1 matça çıxan yarımmüdafiəçi 2 ay əvvəl keçirdiyi son matçında qırmızı vərəqə alıb.