Con Toşak: “Neftçi” üçün 1 xal qazanmaq, böyük uğurdu
25.08.2013 - 21:38
Con Toşak: “Neftçi” üçün 1 xal qazanmaq, böyük uğurdu
“Maraqlı oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Cənub təmsilçisi Topaz Premyer Liqasının IV turunda əzəli rəqibi “Neftçi” ilə qarşılaşdı. Qolsuz bərabərliklə başa çatan görüşdən sonra uelsli mütəxəssis komandasının qələbəyə layiq oynadığını söyləyib: “Rəqib yaxşı komandadı. Ötən mövsüm “Qızıl dubl” ediblər. Amma bu gün “Xəzər Lənkəran” qələbəyə layiq oyun göstərdi. Rəqiblə müqayisədə bizim qol imkanlarımız daha çox idi. Amma bundan yararlana bilmədik. Bizim bəxtimiz bu gün gətirmədi. Çatışmazlıqlar üzərində işləmək lazımdı. Komandamıza yeni futbolçular gələcək. Fikrimcə, “Xəzər Lənkəran”ın indi hesabında 3 yox, daha çox xal olmalı idi. Komandam pis oynayanda bunu həmişə etiraf edirəm. Ancaq son 2 qarşılaşmada yaxşı oynasaq da. qələbə qazana bilmirik. “Neftçi” üçün burda 1 xal qazanmaq, böyük uğurdu” .

Toşak bildirib ki, hakimlikdən yenə narazı qalıb: “Hakimlər məni məyus etdi. Onların səviyyəsindən razı qalmadım. Amma hakimlərlə bağlı xüsusi bir problemim yoxdu”.