Nduka debüt etdi, Subaşiç fərqləndi
26.08.2013 - 08:12
Nduka debüt etdi, Subaşiç fərqləndi
Türkiyə çempionatının I liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, rekord sayda – 7 futbolçumuzun çıxış etdiyi çempionatın II turunun ilk günü təmsilçilərimiz üçün uğursuz alınıb. Belə ki, təmsilçilərimizdən yalnız 3-ü meydana çıxıb. Usim Ndukanın Türkiyədə debüt etdiyi turda Branimir Subaşiç sarı vərəqə ilə fərqlənib, Fərid Quliyev isə cəmi 3 dəqiqə oynayıb.

Hücumçu Quliyevin şərəfini qoruduğu “Kahramanmaraşspor” evdə “Ankaraspor”la heç-heçə edib – 1:1. Həmyerlimiz ilk turda olduğu kimi yenə meydana sonradan daxil olub. Bu dəfə Quliyev 87-ci dəqiqədə oyundaşını əvəzləyib.

Milliləşdirilən legionerlərimiz - qapıçı Andrey Popoviçlə müdafiəçi Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” öz meydanımda darmadağın olub. “Samsunspor”a 0:3 hesabı ilə uduzan komandanın heyətində yalnız 1 futbolçumuz çıxış edib. Andreyin ehtiyatda qaldığı matçda 90 dəqiqə forma geyən Usim Türkiyədə debüt edib.

Subaşiçli “Orduspor” öz meydanında “Mersin idman yurdu” ilə qolsuz heç-heçə edib. Milliləşən serbiyalı ilk turdakı kimi yenə start heyətində yer alıb. Bu dəfə 74-cü dəqiqədə əvəzlənən hücumçu 61-ci dəqiqədə sarı vərəqə ilə fərqlənib.

Müdafiəçi Saşa Yunisoğlu ilə yarımmüdafiəçi Arif İsayevin oynadığı “Dənizlispor” “1461 Trabzon” üzərində 2:0 hesablı qələbə qazanıb. Təmsilçilərimiz bu qarşılaşmada meydana çıxmayıb. Qapıçı Davud Kəriminin formasını geydiyi “Fəthiyəspor”un “Balıkəsirspor”la qarşılaşması isə baş tutmayıb.

Qeyd edək ki, 2 turdan sonra təmsilçilərimizin komandaları arasında ən yaxşı nəticəyə “Orduspor” malikdir. Subaşiçin komandası 4 xalla 2-ci pillədə qərarlaşıb.