“Neftçi”nin 6 gün əvvəlki müraciəti...
26.08.2013 - 11:45
“Neftçi”nin 6 gün əvvəlki müraciəti...
“Xəzər Lənkəran” – “Neftçi” görüşündən sonra azarkeşlər arasında yaşanan insidentlə bağlı daha bir məqam ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, meydan sahibləri paytaxt təmsilçisinin azarkeşləri üçün tribunada yer ayırmayıbmış. Bunun səbəbi isə “Neftçi” rəhbərliyidi.

Avqustun 20-də “Xəzər Lənkəran” rəhbərliyinə rəsmi məktubla müraciət edən “ağ-qaralar” əsas və əvəzedici komandaların oyunları ilə bağlı lazımi şəraitin yaradılmasını istəyib. Təbii ki, cənub təmsilçisi qonaqların istədikləri şərtin hamısını təmin edə bilib. Əsas və əvəzedici komandaların oyundan 1 gün əvvəl məşq keçməsi üçün stadion, VİP sektorda klub rəhbərliyi üçün yerlər, xüsusi avtomobillərin stadionun ərazisinə buraxılması üçün icazə istəyən “Neftçi”nin müraciəti yerinə yetirilib.

Müraciətdə tribunalarda təkcə klub rəhbərliyi üçün yer istənilib. Rəsmi məktubda “ehtiyac olacağı halda, azarkeşlərimiz üçün yerlərin ayrılmasını” vurğulayan paytaxt təmsilçisi bu haqda əlavə məlumat veriləcəyini qeyd edib.

Amma sonradan bakılılardan səs-səmir çıxmayıb. Bu üzdən də “Xəzər Lənkəran” qonaq azarkeşləri üçün yer ayırmayıb. Nəticədə sevimli komandalarından xəbərsiz Lənkərana yollanan fanatlar Azərbaycanın ən çılğın azarkeşləri ilə yanaşı sektorda əyləşməli olublar. Nəticə də göz qabağında.

Elə “Neftçi”nin prezidenti Safıq Sadıqov da Lənkərana yollanan tərəfdarlarını qınayıb: “Sizə Lənkərana gəlməməyiniz barədə xəbərdarlıq etmişdik. Bu gün olanlar gözlənilən idi. Nahaq gəldiniz”.

Qeyd edək ki, insidentlə nəticələnən “Xəzər Lənkəran” – “Neftçi” oyunu 0:0 hesabı ilə başa çatıb.