“Qarabağ” əsas heyətlə oynasaydı...”
26.08.2013 - 13:44
“Qarabağ” əsas heyətlə oynasaydı...”
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Komandanızın “Qarabağ”a 0:1 hesabı ilə uduzduğu oyunu sizi nə dərəcədə qane etdi?
- İki fərqli hissə izlədik. Futbolçular ilk yarıda zəif təsir bağışladılar, gözlədiyimiz oyunu ortaya qoya bilmədilər. Fasilədən sonra hər şey dəyişdi. İkinci hissə tam üstünlüyümüz şəraitində keçdi. Belə deyək, bəxtimiz gətirmədi.

- “Qarabağ” meydana əsas heyətlə çıxmamışdı. Bunu nəzərə alsaq, hər şeyi bəxtsizliklə bağlamaq nə dərəcədə düzgündü?
- “Sumqayıt”a məğlubiyyətdən sonra komandada gərginlik var idi. Elə birinci hissədə zəif oyunumuz da bununla bağlı idi. Həmin oyunda bəzi məqamlar futbolçuları “sındırmışdı”. “Qarabağ”ın ikinci heyətlə oynamasına gəlincə, bu fikirlə razı deyiləm. Əsas heyətin 4, bəlkə də 5 futbolçusu meydanda idi. Fikrimcə, rəqib əsas heyətlə oynasaydı, daha yaxşı olardı. Çünki “Qarabağ”ın əsas heyət üzvlərində yorğunluq var. Bir sözlə, “Qarabağ”ın ikinci heyətlə oynaması fikri ilə razılaşmıram. Kifayət qədər yaxşı futbol oyun nümayiş etdirirlər.

- “Qəbələ” mövsümə ardıcıl 2 qələbə ilə başladı. Lakin ardınca 2 məğlubiyyət aldınız...
- Üçüncü – “Sumqayıt”la görüşdə çox müəmmalı şəkildə uduzduq. Bizə hələ də qaranlıq qalıb ki, həmin qarşılaşma niyə canlı yayımlanmadı? Hakim komandamızı demək olar meydanda “sürüdü”. Niyə? Əslində, həmin oyunda biz qalib gəlməli idik. Ordan-burdan oxuyuram ki, guya arxayınçılığın qurbanı oldular. Razılaşıram, meydançanın yaxşı vəziyyətdə olmamağı da oyunumuza mənfi təsir göstərdi. Amma həmin məğlubiyyətin günahkarı hakim oldu.

- Komanda potensialını tam aça bilibmi? Gözlədiyiniz “Qəbələ” budur?
- Qarşıdakı oyunlarda “Qəbələ” tam heyətlə meydana çıxdıqdan sonra nəyə qadir olduğunu göstərəcək. Daniel Subotiçin transfer vərəqi hələ gəlməyib. Bu məsələ ilə bağlı FİFA-ya müraciət edilib. Onun transferi həllini tapdıqdan sonra komanda tam heyətlə oynayacaq. Digər yandan, hələ futbolçular bir-birinə tam uyğunlaşmayıblar. Yenə qeyd edirəm, komanda “Qarabağ”la oyunun ikinci hissəsində yaxşı təsir bağışladı. Uşaqların toparlanacağına inanıram.

- Daniel Subotiçin məsələsi nə vaxt öz həllini tapacaq?
- Əslində, Daniel “Qarabağ”la oyunda bizə kömək etməli idi. Çünki FİFA-dan məktub daxil olmuşdu və məsələyə avqustun 19-da baxılacağı bildirilirdi. Müvəqqəti oynaması üçün ona yaşıl kart verilməli idi. Amma məsələ yubandı. Söz veriblər ki, avqustun 31-də “Xəzər Lənkəran”la keçiriləcək oyuna qədər məsələ həllini tapmalıdı.

- Başqa transferlər gözlənilirmi?
- Xeyr, transfer çalışmaları yekunlaşıb.

- Stadionla bağlı işlər nə yerdədi? Əsas arena nə vaxt hazır olacaq?
- Futbol akademiyasının stadionunu hazırlamışıq. 4000 tamaşaçı tutumuna malik olan həmin stadionda rəsmi oyunların keçirilməsi üçün hər cür şərait yaradılıb. Avqustun 31-də “Xəzər Lənkəran”la matçı yox, növbəti ev oyunumuzu (sentyabrın 20-də “Rəvan”la qarşılaşma) orada keçirəcəyik. Böyük stadion isə böyük ehtimalla, 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarına qədər təhvil veriləcək. Yenə deyirəm, akademiyanın stadionu tam qaydalara cavab verib.

- Son vaxtlar tez-tez belə fikir səsləndirilir ki, “Qəbələ”nin əsas stadionu hazır olmadığından, komanda avrokuboklara vəsiqə qazanmaq istəmir. Bu fikirlə nə dərəcədə razılaşırsınız?
- Məntiqsiz fikirdir. Necə ola bilər ki, komanda üçün bu cür şərait yaradılsın, pullar xərclənsin, amma avrokuboklara vəsiqə qazanmaq istəməsin. Bəs onda məqsəd nədir? Deyilənlər əsassızdır. Avrokuboklara vəsiqə qazanmağa iddialıyıq.

- Bunu daha çox Qəbələnin reklamı üçün deyirlər. Çünki Qəbələnin həm də böyük turizm potensialı var.
- Sözsüz, Qəbələdə oynasaydıq daha yaxşı olardı. Əgər bu gün imkanınız yoxdursa, neynəməliyik? Onu da deyim ki, akademiyanın stadionu UEFA-nın bütün standartlarına cavab verir. Elə bir göstərici yoxdur ki, ona uyğun gəlməsin. İşıqlandırma sistemindən tutmuş “skybox”lara qədər hər bir şəraiti var. 4000 azarkeş tutumuna malikdir. Ehtiyac yaranacağı təqdirdə, daha 2000 yer artırmaq mümkündür.