283 dəqiqədən sonra
26.08.2013 - 17:49
283 dəqiqədən sonra
Bakının “Rəvan” klubu 2013/14 mövsümündə ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, ilk 3 turda qol vura bilməyən yeganə komanda Topaz Premyer Liqasının IV turunda tilsimi qırıb. Bakılılar "İnter”lə paytaxt derbisində fərqlənib.

"Bayıl Arena”dakı matçda 1:5 hesabı ilə uduzan “Rəvan” oğlunun doğum günündə fərqlənən Sebastyan Kastro-Telyonun qolu sayəsində 283 dəqiqə davam edən susqunluğuna son qoyub. Sebastyan isə Premyer Liqada "Rəvan” forması ilə qol vurmuş 22-ci futbolçu oldu. Elita oyunlarında 86 qol vurmuş komanda 22 futbolçusu ilə yanaşı rəqibin 1 avtoqoluna da sevinib.

Qeyd edək ki, "İnter”lə oyun yeni transferi Əziz Quliyev üçün "Rəvan” forması ilə debüt matçı oldu. O, Premyer Liqada klubun forması geyinmiş 63-cü oyunçu kimi tarixə düşdü. Artıq komandadan ayrılmış Samuel Barlayın lider olduğu (56 oyun) siyahıda Tural Axundov (55), Miloş Zeçeviç (49) və hazırkı kapitan Ramazan Abbasovu (49) da ön sıralardadır.

Mənbə: revanfc.az