İsrail millimizlə oyun öncəsi daha bir müdafiəçisini itirdi
27.08.2013 - 08:38
İsrail millimizlə oyun öncəsi daha bir müdafiəçisini itirdi
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan İsrail yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də komandamızı sınağa çəkəcək rəqib Rami Gerşonun xidmətindən məhrum olub.

Buna Belçikanın “Beveren” klubunda çıxış edən müdafiəçinin zədələnməsi səbəb olub. İsrail yığmasının əsas müdafiəçisi 3 həftəlik sıradan çıxıb.

Bu isə o deməkdir ki, Rami İsrail yığmasının qarşıdakı seçmə oyunlarını buraxmalı olacaq. Arxa xətt oyunçusu sentyabrın 7-də millimizlə, 10-da Rusiya ilə görüşdə meydana çıxa bilməyəcək.

Bu arada İsrail millisinin baş məşqçisi Eli Qutmanın qarşıdakı seçmə oyunlara 33 yaşlı Yossi Benayunu çağırmaq qərarı da məlum olub. İngiltərə “Çelsi”sini tərk edəndən sonra klubsuz qalan futbolçu yığmaya öz təcrübəsi ilə kömək etməlidi.

Qeyd edək ki, Gerşona qədər İsrail yığmasının daha bir üzvü – Beram Kayal da zədələnmişdi. Şotlandiya “Seltik”ində çıxış edən müdafiəçinin seçmə oyunlarında oynaması sual altındadır.