Vüqar Nadirov: Ancaq ölümə çarə yoxdu
27.08.2013 - 12:58
Vüqar Nadirov: Ancaq ölümə çarə yoxdu
“Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- Komandanız Topaz Premyer Liqasında itkisiz irəliləyir. Son turun “Qəbələ” ilə səfər matçına ikinci heyətlə çıxsanız da, sonda qələbə qazandınız. Əsas heyət üzvlərinin ehtiyatda qalmasını yorğunluqla əlaqələndirmək olarmı?
- Qəbələdəki qarşılaşma maraqlı oldu. Qələbə qazanmağa getmişdik və istəyimizə çatdıq. Hansısa yorğunluq yox idi. Əksinə, tez-tez oynamağa öyrəşirsən. Bəlkə də yorğunluq olur, amma biz bu vəziyyətə öyrəşmişik.

- Daha çox ehtiyatda qalan futbolçular Qəbələdə özlərini doğrulda bildilərmi?
- Məncə, hə. Əgər baş məşqçi onlara güvənirsə, deməli, həmin futbolçular özlərini doğruldurlar.

- Həmin futbolçularla meydanda anlaşma baxımından çətinlik var idi?
- İstər-istəməz müəyyən qədər çətinlik yaranırdı. Heyətdə çox dəyişiklik ediləndə mütləq hiss olunur.

- Zədə üzündən bir müddət oynamasaz da, dönüşünüzü qolla qeyd etdiniz...
- Çalışacağam ki, vurduğum qolların ardı gəlsin.

- “Qarabağ” Premyer Liqada 4 oyundan maksimum xal toplayan yeganə komandadı. Üstəlik, Avropa Liqasında da mübarizəni davam etdirirsiniz. İki cəbhədə çıxış etmək çoxmu çətindi?
- Hansısa çətinlik yoxdu. Əksinə, bizim üçün yaxşı haldı. Çox oyun keçirmək bizim lehimizədi. Belə olanda, daha yaxşı formada qalırıq.

- Əvvəllər avrokuboklardakı çıxışınızla əlaqədar çempionatda axsamalar olurdu. Bunu da sırf qitə miqyaslı görüşlərdəki yorğunluqla əlaqələndirirdiniz. Bu dəfə yorğunluq hiss olunmur?
- Xeyr, indi elə də hiss olunmur.

- İndi nə dəyişib ki?
- Çünki komandadakı futbolçuların sayı çoxalıb. İndi hər mövqedə 2-3 futbolçumuz var. Ona görə də bir-birimizi əvəz edə bilirik.

- Say artsa da, əsasən eyni futbolçuların xidmətindən istifadə edilir. Sadəcə, son 1-2 oyunda komandanın əsas üzvlərini qorumaq üçün ehtiyat qüvvəyə yer verilir. Deyəsən, baş məşqçi dəyişikliyə meylli deyil?
- Elə deməzdim. “Qarabağ” kollektiv oyuna üstünlük verir. Bizdə komanda ruhu var. Kimin meydana çıxmasının əhəmiyyəti yoxdur. Sevincimizi, eləcə də kədərimizi bölüşməyi bacarırıq. Vacib olan komandanın qələbəsi, uğur qazanmasıdı.

- Komandanız “Ayntraxt”la Avropa Liqasının pley-off mərhələsinin cavab matçı üçün Frankfurta yola düşür. Səfər öncəsi ab-hava necədi?
- Hər şey qaydasındadı. Biz Almaniyada yaxşı oyun nümayiş etdirmək istəyirik. Səfərə elə-belə yollanmırıq. 0:2 hesabı ilə uduzmağımıza rəğmən, ümidimizi üzməmişik.

- Bakıdakı oyunla müqayisədə hansı dəyişikliklər gözlənilir?
- Heyətlə bağlı hansı dəyişikliklərin olduğunu deyə bilmərəm. Ancaq özümüzə inanırıq. Özünəinam varsa, niyə də müsbət nəticə qazanmayaq?

- Ancaq doğma meydandakı 0:2 hesablı məğlubiyyətin revanşını almaq çox çətin olacaq...
- Həyatda ancaq ölümə çarə yoxdu.

- İlk oyunda rəqibə hansı komponentlərə görə uduzduğunuzu təhlil etmisinizmi?
- Əlbəttə, etmişik. Frankfurtdakı meydanının qazonu yaxşı vəziyyətdədir. Bu da bizə topu saxlamağa imkan verəcək. Yəni, topla çox oynayacağıq. Stadion amili sözünü deyəcək.