“Qarabağ” alman əngəlini aşdı
28.08.2013 - 12:38
“Qarabağ” alman əngəlini aşdı
Avropa Liqasının pley-offa mərhələsinin cavab matçını keçirmək üçün Almaniyaya yollanmaqda problemlə üzləşən “Qarabağ” ölkəni tərk edib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu gün saat 12:30-da çarter reysi ilə “Ayntraxt”la qarşılaşmanın baş tutacağı Frankfurta yola düşüb.

Sabah “Kommersbank Arena” stadionunda baş tutacaq matça hələ dünən yollanmaq istəyən “Qarabağ” səfərə 1 gün gecikmə ilə çıxıb. Buna səbəb Almaniya aeroportunun təyyarəni qəbul etməyə vaxtında razılıq verməməyi olub. Komandamızın yalnız bu gün aşdığı alman əngəli isə təmsilçimizi uçuşdan sonra Frankfurtda normal istirahət edərək məşqə çıxmasına imkan verməyib. Belə ki, komanda Almaniyada maksimum 1 məşqə çıxa biləcək. Bu da yorucu səfərdən sonra gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 22-də Bakıda keçirilən ilk oyunda almaniyalılar 2:0 hesabı ilə qalib gəlmişdi.