“Simurq” növbəti tura tam heyətlə hazırlaşır
28.08.2013 - 18:28
“Simurq” növbəti tura tam heyətlə hazırlaşır
Topaz Premyer Liqasının beşinci turunda "İnter"in qonağı olacaq “Simurq” hazırlıqlarını "Bayıl Arena"da davam etdirir. Apasport.az klub saytına istinadən xəbər verir ki, dünən növbəti məşqinə çıxan "Simurq" tam heyətlə çalışmalara başlayıb. Son hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri əsasən fiziki ağırlıqlı təmrinlər ibarət tapşırıqları yerinə yetirib.

Məşqin əvvəlində gürcü mütəxəssis futbolçularını ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət edib. Bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirilib. Bir saatdan artıq davam edən bu hazırlıq prosesindən sonra taktiki tapşırıqlardan ibarət ikitərəfli futbol oynanılıb. Məşqin sonunda isə cinahlardan asmalar və qapıya zərbələr yerinə yetirilib.

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirib.

Qeyd edək ki, "İnter" - "Simurq" qarşılaşması sentyabrın 1-də saat 20:00-da keçiriləcək.