“Xəzər Lənkəran”da yeni transferlər bazaya gəldi, 4 futbolçu əvəzedici heyətə göndərildi
28.08.2013 - 21:13
“Xəzər Lənkəran”da yeni transferlər bazaya gəldi, 4 futbolçu əvəzedici heyətə göndərildi
Topaz Premyer Liqasının V turu çərçivəsində “Qəbələ” klubu ilə səfərdə görüşəcək “Xəzər Lənkəran” avqustun 28-də günün ikinci məşqini keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” saat 18:00-da ehtiyat meydançada axşam məşqinə çıxıb.

Bir saatdan çox davam edən hazırlıq prossesi toplu çalışmalardan ibarət olub. Con Toşak dördqapıdan istifadə edərək futbolçuları ampaualarına uyğun iki-iki və üç-üç hücumda və müdafiədə yoxlayıb. Məşqin sonuna yaxın stadionun həyətinə daxil olan avtomobildən yeni transferlər Deyvid Sakkoni və Eduardo Oriol düşüblər. Ardınca komanda ilə birgə baza-oteldə məskunlaşan yeni futbolçular baş məşqçi ilə görüşüblər. Hər iki futbolçunun avqustun 29-da keçiriləcək məşqdə iştirak edəcəyi gözlənilir.

Bu arada baş məşqçi Con Toşakın tapşırığı ilə gənc futbolçular- Kazım Kazımlı, Kamran Abdullazadə, Elnur Cəfərov və Elvin Mirzəyev əvəzedici heyətə göndəriliblər. Həmin oyunçuların əvəzedici heyətə göndərilməsini uelsli çalışdırıcı belə izah edib: “Bu gənclər “Qəbələ” ilə qarşılaşmada əsas heyətdə çıxış etməyəcəklər. Belədə düşündük ki, əvəzedici heyətə məşq edib oynasınlar və formalarını saxlasınlar. Amma Premyer Liqada yaranacaq fasilə zamanı təşkil olunacaq toplantıda yenidən gənclər əsas heyətə qaytarılacaqlar.”

Mənbə: 12cioyuncu.info