Vaqif Sadıqov: Onda da hamı eyni sözü deyirdi - MÜSAHİBƏ
28.08.2013 - 23:34
Vaqif Sadıqov:  Onda da hamı eyni sözü deyirdi - MÜSAHİBƏ
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının arxada qalan 4 turunu necə dəyərləndirirsiniz?
- Çempionatın gərgin keçəcəyi əvvəlcədən məlum idi. Arxada qalan oyunlarda qeydə alınan nəticələr də bunu bir daha təsdiq edir. Bizim 9 xal yığaraq 3-cü pilləyə yüksəlməyimiz, qarşılaşmalara ciddi yanaşmağımızın nəticəsidi. Ancaq bununla belə, hər şeyin qaydasında getdiyini demək olmaz. Komandada çatışmazlıqlar var ki, bu da məni çox narahat edir.

- Əsas çatışmazlıq kimi nəyi qeyd edərdiz?
- Heyət baxımından müəyyən çətinliklər var. Uzun marafonda yaxşı ehtiyat qüvvəyə malik komanda formalaşdırmaq lazımdı. Ancaq bunu həll etmək elə də asan deyil. Başlıca səbəb kimi, futbolçularla ortaq məxrəcə gələ bilməməyimizi deyə bilərəm. Burada vaxt məsələsi də vacib rol oynayır. “Transfer pəncərəsi”nin bağlanmasına az qalıb. Bəyəndiyimiz futbolçuların istəkləri ilə bizim təklifimiz üst-üstə düşmür.

- Qeyd etdiyiniz kimi, “transfer pəncərəsi”nin bağlanmasına az vaxt qalıb. Siz də heyətə yeni futbolçular cəlb etmək istəyirsiniz. Bu işlərin axırı necə olacaq?
- Hələlik danışıqlar davam edir. Yəqin ki, yaxın günlərdə real addımlar atılacaq. Əgər razılaşma əldə olunmasa, bu heyətlə mübarizə aparacağıq.

- “Rəvan”dan uzaqlaşdırılan Bəxtiyar Soltanovla “İnter”dən ayrılan Ramil Mansurovun sizin kluba keçəcəyi gözlənilir?
- Onların potensialına bələdəm. Özlərini sübut etmiş futbolçulardı. Hər ikisi bizimlə birgə məşq edirlər. Onlara özlərini yenidən göstərmələri üçün imkan yaratmaq istəyirik. Dediyim kimi, qarşıdakı günlərdə bütün bu məsələlərə aydınlıq gələcək.

- Çempionata məğlubiyyətlə başlasanız da, sonradan toparlanmağı bacardınız. Nə baş verdi ki, belə dəyişiklik oldu?
- İlk turda “Neftçi”yə məğlub olduqdan sonra komanda ilə geniş söhbətimiz oldu. Bu cür çıxışla nəticə əldə edə bilməyəcəyimizi dedik. Futbolçulardan toparlanmalarını, potensiallarını ortaya qoymalarını istədik. Bu, nəticədə bəhrəsini verdi və ardıcıl qələbələr qazanmağa başladıq.

- Belə bir başlanğıc gözləyirdinizmi?
- Çempionatda mübarizə aparan hər bir komanda istənilən başlanğıca hazır olmalıdı. İlk oyunlar həmişə gərginliyi ilə seçilir. Sevindirici haldı ki, komandamız “Neftçi”yə məğlubiyyətdən sonra tez toparlanmağı bacardı.

- Keçirdiyiniz 4 oyundan 3 qələbə əldə etdiniz. Üstəlik, güclü komandaları məğlub etməyi bacardınız. Qələbə qazandığınız matçların hansı sizin üçün daha çətin olub?
- Premyer Liqada asan rəqib yoxdur. Hər oyunun öz çətinliyi var. Heç kim asan 3 xal qazandığını deyə bilməz. Xüsusən, “İnter”lə oyunda kifayət qədər çətinlik çəkdik. Hesabda geri olduğumuz halda, sonradan oyunda dönüş yarada bildik.

- Avropa Liqasında ölkəmizi təmsil edən “Qarabağ” bu gün Almaniyada “Ayntraxt”la qarşılaşacaq. Bir mütəxəssis kimi, bu oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- “Qarabağ” çətin anlarda bizi təəccübləndirməyi bacarıb. Düzdür, bu cütün favoriti “Ayntraxt” olsa da, “Qarabağ” cavab qarşılaşmasında adına layiq mübarizə aparacaq. İlk oyunda Almaniya klubu daha çox təcrübəsi hesabına qələbə qazandı. Ümid edirəm ki, “Qarabağ” əldə edəcəyi nəticə ilə hamımızı sevindirəcək.

- Həftəsonu Topaz Premyer Liqasının növbəti turu çərçivəsində məhz “Qarabağ”la üz-üzə gələcəksiniz. Ağdam təmsilçisi Avropa Liqasındakı oyunu ilə əlaqədar bir qədər yorğun olacaq. Sizcə, bu sizin lehinizə işləyə bilərmi?
- Gəlin, hadisələrə real yanaşaq. Ötən həftə “Qarabağ”ın “Qəbələ” üzərindəki qələbəsini gördünüz. Hərçənd, onda da hamı eyni sözü deyirdilər. Üstəlik, komanda səfərə ikinci heyətlə yollanmışdı. Nəticə isə göz qabağındadı. Bu amil bizi qətiyyən rahat olmağımıza əsas vermir. “Qarabağ”ın ikinci heyəti belə güclü təsir bağışlayır. Əlbəttə, Ağdam təmsilçisinin belə bir komanda formalaşdırması bizi sevindirir. Biz növbəti turda liderə qarşı oynayacağıq. Rəqibin nəyə qadir olduğunu deməyə ehtiyac yoxdur.