“Xəzər Lənkəran” Qəbələdə toplanış keçəcək
29.08.2013 - 10:40
“Xəzər Lənkəran” Qəbələdə toplanış keçəcək
Topaz Premyer Liqasının V turunda “Qəbələ” klubunun qonağı olacaq “Xəzər Lənkəran” Lənkəranda son üç gün ərzində davam edən hazırlığını tamamlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün səhər məşqini ehtiyat meydançada keçirən cənub təmsilçisi 1 saat 20 dəqiqə ərzində fiziki və taktiki çalışmaları yerinə yetirib.

Yeni transferlər Deyvid Sakkoni və Edu Oriolun da iştirak etdiyi məşq prosesi yetərincə maraqlı alınıb və futbolçuların istəkli olması, tapşırıqları düzgün yerinə yetirməsi məşqçilər korpusunu da razı salıb.

Məşqin ardından “Xəzər Lənkəran” Qəbələyə yollanıb.

Xatırladaq ki, “Qəbələ” - “Xəzər Lənkəran” matçı avqustun 31-də keçiriləcək. Matçın ardından komanda Qəbələdə daha 4 gün təlim-məşq toplanışı keçirəcək.