Elxan Abdullayev: “Qarabağ”ın şansı sıfıra bərabərdi - MÜSAHİBƏ
29.08.2013 - 17:30
Elxan Abdullayev: “Qarabağ”ın şansı sıfıra bərabərdi - MÜSAHİBƏ
“Qarabağ”ın sabiq baş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

- Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” bu gün “Ayntraxt”la görüşəcək. Qarşılaşma haqda fikirlərinizi bilmək istərdik...
- “Qarabağ”dan yalnız yaxşı oyun gözləyirəm. Çünki Bakıda 0:2 hesablı məğlubiyyətdən sonra mərhələ keçəcəkləri ağlabatan deyil. Reallıqla danışsaq, “Qarabağ”ın şansı sıfıra bərabərdi.

- Mərhələ adlamasa belə, “Qarabağ”ın qələbəsinə də inanmırsınız?
- “Ayntraxt”a nə lazımdı? Mərhələ keçmək. Ona görə də 0:1, 1:2 hesabları ilə uduza da bilər. Bu, çempionat deyil ki, 3 xal üçün qələbə lazım olsun. Hər şey ola, “Qarabağ” uda da, uduza da bilər. Ancaq deyə bilərəm ki, “Qarabağ” mərhələ keçməyəcək. Görürsünüz, “Şaxtyor” evdə “Seltik”ə qalib gəldi, ancaq Şotlandiyada 0:3 hesabı ilə uduzdu.

- Bakıdakı qarşılaşmada hesab erkən açılmasaydı, “Qarabağ” sərfəli nəticə qazana bilərdimi?
- İndiki azarkeşlərdə iştaha çox böyükdü. Biz İsveç, Makedoniya klublarını keçirik deyə elə bilirik ki, almanlara da qalib gələ bilərik. Hər mərhələnin öz səviyyəsi var. Bu mərhələdə zəif rəqib olmur. Burda nadir hallarda təsadüfən zəif rəqib ola bilər. “Ayntraxt” Almaniya Bundesliqasında oynayan komandadı. Ona görə də mən “Qarabağ”da hansısa komponent görmürəm ki, ondan üstün olsun.

- Hər halda, Avqoliqanın pley-off mərhələsinədək gəldiyi üçün “Qarabağ”a alqış düşür, yoxsa “Neftçi”nin ən azı ötən ilki nəticəsini təkrarlamağa borclu idi?
- Sözsüz, alqış düşür. “Neftçi” ilə “Qarabağ” bizi həmişə sevindirir. Neçə illərdi “Xəzər Lənkəran” bizi sevindirmir. “İnter” bir mərhələ keçir, sonra dayanır. Ancaq “Qarabağ” neçə ildi 2-3 mərhələ keçir. Onları qınamaq olmaz. Elə rəqiblər düşür ki, “Tvente”, “Borussiya”, “Ayntraxt”la bacarmaq asan məsələ deyil. Tənqid edəndə də obyektiv olmalısan. Küçə komandasına uduzsa, “Qarabağ”ı tənqid etmək olar. Ancaq “Ayntraxt”a bu gün yenilsə, inanmıram ki, kimsə onları tənqid etsin.

- “Qarabağ” son illər çempionata belə start verməyib: 4 oyun, 4 qələbə. İndidən Ağdam təmsilçisini çempion olmağa aşkar favorit adlandırmaq olar?
- “Qarabağ” avrokuboklarda yaxşı çıxış etsə də, çempionatda azarkeşlərini sevindirə bilmir. Sonuncu dəfə neçənci ildə çempion olub? Onlara ilk növbədə ölkə çempionu olmaq lazımdı. “Qarabağ” buna qadirdi. Onların yaxşı heyəti, futbolçuları var, yaxşı da oyun göstərirlər. “Qarabağ”la çempionluqda mübarizə apara biləcək 2-ci komanda “Neftçi”di. Bu “üçlük”də “Qəbələ”ni də görürəm. 4 tur qələbə qazanıbsa, hələ bu o demək deyil ki, “Qarabağ” çempion olacaq. Çünki hələ qarşıda uzun marafon var. Əsas məsələ çempionluqdan sonra ölkəmizi avrokuboklarda layiqincə təmsil etməkdi.

- Həm də çempion olsa, Avroliqanın qrupuna düşmək baxımından işi rahatlamış olar...
- Bəli. Görürsünüz, Karaqanda “Şaxtyor”u Qazaxıstan çempionu kimi Çempionlar Liqasında oynasa da, artıq avroliqanın qrupundadı.

- Berti Foqtsun yığmamızdan gedəcəyi artıq dəqiqləşib. Onun bu müddət ərzində gördüyü işlər haqda nə deyə bilərsiniz?
- Mən hələ 4 il öncə demişəm ki, Foqts getməlidi.

- Yəqin ki, onun millidən ayrılmasına ən çox sevinənlərdən biri də siz olarsız...
- Əlbəttə. Ancaq bir amil də var. Foqts gedəcək, bəs yerinə kim gələcək? Bax, bu məsələ də var.

- Həmin posta Qurban Qurbanovun adı çəkilir. Sizin bu haqda fikriniz necədir?
- AFFA rəhbərliyi kimi lazım bilsə, o da olacaq. Kim olur-olsun, istər əcnəbi, istərsə də yerli, ancaq milliyə xeyir verə bilsin və bizi sevindirsin. Yoxsa, Qurban olsun, ya da Kaxa (“İnter”in baş məşqçisi Kaxaber Sxadadzeni nəzərdə tutur – S.T.), mənim üçün heç bir fərqi yoxdur. Çünki bu, xalqın komandasıdı.

Səbuhi TOFİQOĞLU