“Eden”də klassiklərin dueli və ilk azərbaycanlı
29.08.2013 - 19:00
“Eden”də klassiklərin dueli və ilk azərbaycanlı
Sabah UEFA Superkuboku uğrunda oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, Çexiyanın paytaxtı Praqada baş tutacaq qarşılaşma Azərbaycan futbol tarixinə düşəcək.

Ötən mövsüm Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında qarşılaşmada ilk dəfə ölkəmiz də təmsil olunacaq. İndiyədək Superkubokda nə futbolçular, də nə rəsmilər arasında təmsilçimiz yer alıb. “Eden” stadionunda baş tutacaq “Bavariya” – “Çelsi” matçında isə oyunun UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olacaq. Həmyerlimiz isveçli hakim Yonas Erikssonun idarə edəcəyi görüşdə təşkilatçılığa nəzarət edəcək.

Superkubok matçı bu dəfə bir sıra başqa məqamlarla diqqət çəkir. 1998-ci ildən Superkuboka ev sahibliyi edən Monako artıq bu missiyanı yerinə yetirməyəcək. Çempionlar Liqası ilə Avropa Liqasının qalibləri arasında görüş 16 ildən sonra cırtdan ölkədən kənarda, ilk dəfə Çexiyada təşkil olunacaq. Gələn il Uels, 2015-də Gürcüstana keçəcək Superkuboka ev sahibliyi hüququ indi Praqadadı.

Çempionlar Liqasının qalibi “Bavariya”nın Avropa Liqasında ən güclü olan İngiltərə “Çelsi”si ilə duelinin prinsipiallığı böyükdür. Cəmi 3 ay əvvəl kubok qazanan komandalar 2012-ci ildə də Çempionlar Liqasının finalında üz-üzə gəlmişdilər. Həmin vaxt son dəqiqələrdə məğlubiyyətdən qaçıb bərabərlik qolunu vuran “Çelsi” penaltilər seriyasında qalib olmuşdu.

Bu isə o deməkdir ki, Çempionlar Liqasının son 2 mövsümünün qalibinin duelində “Bavariya” qisas almağa çalışacaq. London təmsilçisi isə ardıcıl 2-ci dəfə oynadığı Superkubokda Monakoda “Atletiko”dan aldığı məğlubiyyəti Praqada unutdurmağa çalışacaq.

3 dəfə Superkubokda məğlub olan “Bavariya” 1975, 1976 və 2001-ci ildə bacarmadığını gerçəkləşdirmək iddiasındadı. 1998-ci ildə bu kuboku başı üzərinə qaldıran İngiltərə klubu isə 3-cü dəfə kubok üçün mübarizə aparmaq imkanı qazanıb.

Komandaların öz aralarındakı duellərə gəlincə, ötənilki finaldan əvvəl də “Çelsi” ilə “Bavariya” üzə gəlib. 2004/05 mövsümündə Çempionlar Liqasının 1/4 finalında da sevinən ingilislər olub. Öz meydanında 4:2 hesabı ilə qalib gələn London təmsilçisi səfərdə 2:3 hesabı ilə uduzsa da, mərhələ adlamağı bacarıb.

Məmmədovun canlı şahidi olacağı qarşılaşmanın daha bir maraqlı özəlliyi baş məşqçilərlə bağlıdır. Belə ki, hər 2 komanda meydana mayda titul qazandıran baş məşqçisi olmadan çıxacaq. Çünki artıq Yupp Haynkes ardıcıl 2 dəfə Çempionlar Liqasının finalına daşıdığı Münhen təmsilçisindən ayrılıb. Elə “Çelsi” də nə 2 il əvvəl “Bavariya”ya qalib gələn Roberto de Mateo, nə də Avropa Liqasında qələbəyə daşıyan Rafael Beniteslədir.

Əvəzində futbol azarkeşləri artıq klassikləşən Qvardiola – Mourinyo duelinə şahidlik edəcəklər. “Barselona” ilə son iki tək ildə (2009 və 2011) Superkubok qazanan Xosep Qvardiola həm “Çelsi”, həm də “Real”da işlədiyi vaxt ona prinsipial rəqib olan Joze Mourinyo ilə yenidən görüşəcək. Lakin bu dəfə ispaniyalı mütəxəssis vətənində, doğma “Barselona”sında deyil, “Bavariya”da iş başında olacaq. Onun portuqaliyalı həmkarı da yenidən “Çelsi”də rəqibi ilə duelə çıxacaq. Bu hər 2 çalışdırıcının təyinatdan sonra beynəlxalq miqyaslı ilk rəsmi matçıdır.

UEFA Superkuboku
30 avqust

23:45. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Yonas eriksson (İsveç)
Praqa. “Eden” stadionu