UEFA-dan gözlənilməz qərar, yaxud Banişevskini məyus edən püşk
30.08.2013 - 10:50
UEFA-dan gözlənilməz qərar, yaxud Banişevskini məyus edən püşk
Türkiyənin “Fənərbaxça” klubunun avrokuboklardan kənarlaşdırılmasından sonra Avropa Liqasının qrupunda boşalan son yerlə bağlı UEFA gözlənilməz qərar verdi. Apasport.az saytının məlumatına görə, onlarla variantın olduğu halda, qitə futbol qurumu heç kimin ağlına gəlməyən addımı atdı. UEFA-nın İşçi Qrupu qrupa vəsiqənin taleyini püşklə həll etməyi məqsədəuyğun saydı.

Pley-off mərhələsində uduzan 30 komandanı eyni səbətə atacaq qurum kor püşklə yeganə xoşbəxti müəyyənləşdirəcək. Kor püşk isə 2 oyunun nəticəsinə əsasən 1:9 hesabı ilə uduzan Polşa “Şlensk”i ilə 0:8 hesabı ilə yenilən Tiflis “Dinamo”sunu digərlərindən fərqləndirməyəcək. Hərçənd, penaltilər seriyasında uduzanlar, 2 qarşılaşmadan birini udmaqla mübarizəni dayandıranlar “Şlensk” və “Dinamo”dan daha çox haqq edib. Elə bu mərhələyədək 5 qələbə qazanıb, 1 heç-heçə edən “Qarabağ”ın da bu 2 zəiflə müqayisədə qrupa düşmək haqqı daha çoxdur.

UEFA-nın qərarı ona görə anlaşılmazdır ki, futbolda kor püşkdən istifadə olunduğu vaxtlar isə keçmişdə qalıb. Artıq rəqiblər, qruplar müəyyənləşərkən də kor-koranə püşk atılmır. O ki qala vəsiqənin və ya oyunun taleyi. Püşkün həlledici olduğu 2 faktı yada salmağa dəyər.

Belə hal çox nadir hadisədir. FİFA və UEFA yalnız ekstremal hallarda bu addımı atır. 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının final mərhələsində də püşk işə qarışmışdı. 23 il əvvəl qrup mərhələsində bütün oyunlarını 0:0 hesabı ilə başa vuran 2 yığma – Hollandiya və İrlandiya bütün göstəricilərdə bərabər olmuşdu. Hər 2 komanda 1/8 finala çıxsa da, 2-ci yerin taleyini püşk həll etdi. Sevinən tərəf İrlandiya oldu. Həmin vaxt Avropa çempionu - Qullitli, van Bastenli, Raykaardlı Hollandiya qrup 3-cüsü kimi 1/8 finalda Almaniyaya rəqib oldu. Raykaardla Föllerin bir-birinə tüpürməsi ilə yadda qalan qalmaqallı oyunda mərhələ adlayan Bundestim sonra mundialın qalibi adını qazandı. Hollandiya isə püşk üzündən evə qayıtdı.

Püşkün işə qarışdığı ən məşhur hadisə isə uzaq 1968-ci ildə olub. Həmin vaxt hələ penaltilərə seriyası məfhumu kəşf olunmamışdı. Avropa çempionatının yarımfinalında SSRİ və İtaliya heç cür qalibi müəyyənləşdirə bilmədi. Nəticədə hakim xırda pul atmaqla – püşklə finala vəsiqənin sahibini aydınlaşdırdı. İtaliyalı Fakkettinin pulun hansı tərəfinin düşəcəyini düzgün tapması apenninlilərə finala vəsiqə və ardında çempionluq qazandırdı. Azərbaycan futbol tarixinin ən yaxşısı Anatoli Banişevskinin də meydanda olduğu qarşılaşmada həmyerlimiz də püşkə üzülənlər sırasında olub.