“İnter” “Trömse”ni keçsəydi...
30.08.2013 - 12:23
“İnter” “Trömse”ni keçsəydi...
Ölkəmizi bu mövsüm avrokuboklarda təmsil etmiş “İnter” Avroliqanın qrupunda yer almağa yaxın imiş. Apasport.az saytının məlumatına görə, buna İdman Arbitraj Məhkəməsinin (Court of Arbitration for Sport) “Beşiktaş” haqda son qərarı səbəb ola bilərmiş.

Söhbət ondan gedir ki, “İnter”in Avroliqanın II təsnifat mərhələsindəki rəqibi Norveçin “Trömse” klubu idi. Trömse şəhərində 0:2 hesabı ilə məğlub olan “bankirlər” Bakıda çox sayda qol epizodlarından yararlana bilməyincə, yalnız 1:0 hesablı qələbə ilə kifayətlənmişdi. Bu isə mərhələ keçmək üçün bəs etməmişdi. Növbəti mərhələdəki rəqib isə Lüksemburqun “Differdanj 03” klubu idi ki, cırtdanlar təmsilçimizin dişinə görə idi.

Bir sözlə, “İnter” pley-offa çıxsaydı, indi “bankirlər” bu gün keçiriləcək Avroliqanın qruplarının püşkatma mərasimində rəqiblərinin kim olacağını səbirsizliklə gözləyəcəkdi.

Qeyd edək ki, CAS UEFA-nın “Beşiktaş”ın avrokuboklardan bu mövsümlük kənarlaşdırılmasına dair qərarını qüvvədə saxlayıb. İstanbul klubu 2 oyunun yekununa görə “Trömse” səddini keçsə də, UEFA-nın İşçi Qrupu CAS-ın son qərarına əsasən Türkiyə təmsilçisini Norveç klubu ilə əvəzləyib.