Elhad Nəziri “Rəvan”dan da qovuldu
30.08.2013 - 12:30
Elhad Nəziri “Rəvan”dan da qovuldu
“Rəvan” az öncə transfer etdiyi futbolçulardan biri ilə yollarını ayırıb. Apasport.az saytının xəbərinə görə, klub rəhbərliyi hərdən millimizə də çağırılan Elhad Nəziri ilə müqaviləni qarşılıqlı şəkildə pozub. Buna səbəbsə futbolçunun məşqlərə laqeyd yanaşmasıdı.

Bununla, qışda transfer olunduğu Rumıniyanın “Petrolul” komandasında heyətə düşmədiyi üçün ölkəmizə qayıdan Nəzirinin “Rəvan” da karyerası da uzun sürməyib.

Xəbəri “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov da təsdiqləyib.

“Elhadı komandaya götürəndə fikirləşirdik ki, gənc oyunçudur, Rumıniyada çıxış edib, bizə xeyri dəyə bilər. Ancaq yanıldığımızı gördük. Çünki bizdə olduğu 10 gün ərzində cəmi 2 məşqə çıxdı. Gah qasıq nahiyəsində, gah da baldırında ağrıların olduğunu dedi. Gördük ki, vaxt gedir, heyətə oyunçular cəlb etməliyik, Elhad isə kollektiv məşqlərdə iştirak edə bilmir. Bu üzdən onunla yolları ayırmaq qərarı verdik. O, artıq klubun vitse-prezidenti Bəhruz Şirəliyevlə də görüşüb məsələsini həll edib” – deyə, Qədirov bildirib.

Xatırladaq ki, qışda “Petrolul”la 3,5 illik müqavilə bağlamış Elhad Nəziri 6 aylıq Rumıniya karyerasının ardından ölkəmizə qayıtmışdı. O, “Rəvan”la 1 illik müqavilə imzalamışdı.