Sumqayıtda hakim səhvi: Qırmızı vərəqə yaddan çıxdı
31.08.2013 - 19:08
Sumqayıtda hakim səhvi: Qırmızı vərəqə yaddan çıxdı
Topaz Premyer Liqasının V turu çərçivəsində az öncə başa çatan “Sumqayıt” – “Rəvan” oyununda maraqlı an yaşanıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, matçın 2-ci hissəsində meydana daxil olan qonaqların cinah yarımmüdafiəçisi Ramazan Abbasov az sonra sarı vərəqə alıb.

Görüşün təxminən 85-ci dəqiqəsində Abbasov 2-ci sarı vərəqə alsa da, baş hakim Fariz Yusifov səhlənkarlığa yol verib. Belə ki, futbolçunu meydandan qovmalı olan sabiq FİFA referisi bunu unudub.

Ramazanın meydandan qovulması bir də oyuna əlavə olunmuş dəqiqələrdə yada düşüb. Yan xətt hakiminin yada salmasından sonra Yusifov Ramazana qırmızı vərəqə göstərib.

Qeyd edək ki, bu görüş “Rəvan”ın cari mövsüm ilk qələbəsini qazanması ilə nəticələnib – 1:0.