Tarixində belə şey olmamışdı...
31.08.2013 - 23:00
Tarixində belə şey olmamışdı...
Topaz Premyer Liqasının V turunun “Qəbələ” ilə səfər oyununda “Xəzər Lənkəran”ın heyətində daha 2 futbolçu debüt edib. Apasport.az saytının məlumatına görə, ispaniyalı Edu Oriol və braziliyalı Deyvid Sakkoni cənub təmsilçisində ilk rəsmi matçlarına çıxıblar.

Bununla, klubun 9 illik tarixində rəsmi matçlara çıxan futbolçuların ümumi sayı 166-ya çatıb. Sakkoni bu siyahıda 14-cü braziliyalı, Oriol 4-cü ispaniyalı olub.

“Ağ-yaşıllar”ın 0:2 hesabı ilə uduzduğu görüşdə 2 debütantla yanaşı, 2 antirekord da qeydə alınıb. Ötən mövsüm XXX turun mayın 8-də “Turan”la oyununda 1:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” o vaxt indiyədək qalib gələ bilmir.

Komanda 2012/13 mövsümünün son 2, cari çempionatın isə ilk 5 görüşündə 4 heç-heçə edib, 3 dəfə uduzub. Bu isə “Xəzər Lənkəran”ın tarixində ən uğursuz seriyadı. Cari mövsümədək komandanın ən uzun qələbəsiz seriyası 5 oyundan ibarət idi. Bu 2005/06 mövsümünün I dövrəsində qeydə alınmışdı.

Avqustun 4-də keçirilən cari mövsümün ilk oyununda “Sumqayıt”ın qapısına qol vuran (1:1) “Xəzər Lənkəran” ardıcıl 4 qarşılaşmadır rəqib qapılarına yol tapa bilmir. Bu isə klub tarixinin ən uzun qolsuz seriyasıdır. Bu antirekorda qədər ən pis nəticə 3 qolsuz oyun idi. Belə seriyalar 2 dəfə qeydə alınıb. Onların hər ikisi 2005/06 mövsümünün I dövrəsinin gedişində - 1-i əvvəli, digəri sonunda yaşanmışdı.