“Bizdə elə futbolçular var ki...”
31.08.2013 - 23:02
“Bizdə elə futbolçular var ki...”
“Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının V turunda “Sumqayıt” üzərində qazanılan 1:0 hesablı səfər qələbəsindən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

- “Rəvan” yeni mövsümdə ilk qələbəsini qazandı. Ancaq rəhbərliyiniz altında üçüncü oyuna çıxan komanda “Sumqayıt”la dueldə çətin anlar yaşadı...
- Bəli, bu gün ancaq nəticədən razı qala bilərəm. Oyun planında çox işləmək lazımdı. Çatışmazlıqlar yetərincədi. Dünya çempionatının seçmə mərhələsi ilə əlaqədar çempionatda fasilə yaranacaq. Həmin boşluqdan maksimum dərəcədə faydalanmağı düşünürük.

- Komandaya yeni qoşulan futbolçular var. Düzdü, əksəriyyəti təcrübəli oyunçulardır. Lakin qarşılıqlı anlaşmanın aşağı səviyyədə olduğunu sezməmək mümkün deyil. Əsas problem nədi?
- Bilirsiz, bizdə elə futbolçular var ki, heç komanda yoldaşının adını bilmir. “Bakı”ya məğlubiyyətdən sonra uşaqlar arasında birlik-bərabərliyin olmadığını hiss etdim. Təsəvvür edin, məşq və ya oyun bitəndən sonra 2 futbolçu bu yana, 3-ü digər yana gedir. “Rəvan”da daha öncə də işləmişəm, bizdə heç vaxt belə olmamışdı. Odur ki, ilk növbədə bu problemi çözməliyik. İtiriləsi heç nə yoxdur, əl-ələ verib, komandanı bu vəziyyətdən çıxarmalıyıq.

- Ancaq etiraf edin ki, “Rəvan” üçün çox çətin olacaq. Heyət baxımından sizin üçün ən münasib rəqib “Sumqayıt”dı, hansı ki, bu gün sizdən üstün oynadı.
- Təbii, bunun fərqindəyik. “Rəvan” üçün çox çətin olacaq. Lakin şikayətlənməklə problemlər həllini tapmayacağıq. Vəziyyəti dəyişmək öz əlimizdədi. Əminəm ki, çatışmazlıqları aradan qaldırandan sonra “Rəvan” bütün komandalar üçün başağrısı olacaq. Diqqət yetirin, “Bakı” da mövsümə uğursuz start götürmüşdü. Amma bizi məğlub edib, “qara zolaq”dan çıxdılar. Və bu gün həmin komanda son çempion “Neftçi”ni 3 cavabsız qolla məğlub etdi.

- Yeri gəlmişkən, sizin baş məşqçi postuna gəlişinizdən sonra transfer edilən Elhad Nəzirin qovulması bir qədər gözlənilməz oldu. Bu ani ayrılığın səbəbi nədi?
- Elhadı millimizin üzvü olduğu üçün götürmüşdüm. Ancaq onun işinə qeyri-peşəkar yanaşması məni məyus etdi. Rumıniya klubundan hansı səbəbdən ayrıldığını bilmirəm, lakin bizimlə anlaşdıqdan sonra geridə qalan 10 gün ərzində demək olar məşqə çıxmadı. Ağrılardan şikayətlənir, müxtəlif bəhanələr gətirirdi. Maraqlıdır ki, biz onu çağırıb heyətdən kənarlaşdırmaq istədiyimizi deyən zaman buna heç bir reaksiya vermədi. Normalda futbolçu öz mövqeyini bildirməli, daha bir şans qazanmaq üçün cəhd etməlidi. Lakin Elhad heç nə olmayıbmış kimi, vidalaşıb getdi.

- Bəlkə “Rəvan”a transfer olunduqdan sonra başqa klubdan daha sərfəli təklif alıb?
- Nə deyim, hər şey ola bilər.