“Bu, kişiyə yaraşan hərəkət deyil”
02.09.2013 - 10:50
“Bu, kişiyə yaraşan hərəkət deyil”
“İnter” klubunun futbolçusu Vaqif Cavadov Topaz Premyer Liqasının V turunda “Simurq”a 1:2 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Oyuna yaxşı başladınız və hesabı da siz açdınız. Sonra nə baş verdi ki, komandanız görüşdən məğlub ayrıldı?
- Fikrimcə, normal oynadıq. Sadəcə, ikinci hissədə uşaq səhvləri edib qol buraxırıq. Nəticədə də komanda uduzur.

- Məğlubiyyəti futbolçularınızın ikinci hissədə arxayınlaşması ilə əlaqələndirmək olarmı?
- Ola bilər ki, bu amil bəzi oyunçularda özünü göstərsin. Amma mən komandada arxayınçılığın olmasına inanmıram. Çünki qalib gəlmək istəyirdik və buna çalışırdıq. Lakin alınmadı.

- Oyununuzun alınmamağı nə ilə bağlıdı?
- Yeni futbolçular gəldiyindən komandada bəzi çatışmazlıqlar var. Amma mənə elə gəlir ki, qarşıdakı 2 həftəlik fasilənin komandamıza çox xeyri dəyəcək. Bundan sonra “İnter”in oyununda dəyişikliklər olacaq və fərqli oyun göstərəcəyik.

- Matçın gedişində rəqib komandanın məşqçiləri ilə mübahisəniz oldu. Bu nə ilə bağlı idi?
- Oyun epizodunda bir futbolçumuz zədələndi və qapıçımız topu auta atdı. Onlar həmin topu geri – qolkiperə qaytarmaq əvəzinə meydandan çıxardılar. Ona əsəbiləşmişdim. Çünki bundan əvvəl eyni epizod yaşandı və biz topu rəqib qapıçıya verdik. Bunu həmişə də belə görmüşük. Əgər biz ev sahibi olaraq topu onlara veririksə, onlar da etməlidirlər. Fikrimcə, bu, kişiyə yaraşan hərəkət deyil.

- Baş məşqçiniz Kaxaber Sxadadze paltardəyişmə otağında sizinlə xeyli söhbət etdi. Hətta heç mətbuat konfransına da qatılmadı. Nəsə problemlər var?
- Bilirsiz, bu komandadaxili söhbətlərdir. Bu barədə danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, hər şey yaxşıdı, heç kim heç yana getmir. Sadəcə, növbəti oyuna hazırlaşacağıq.