Çumbinyo: Top sanki qapıya girmək istəmirdi - MÜSAHİBƏ
02.09.2013 - 12:22
Çumbinyo: Top sanki qapıya girmək istəmirdi - MÜSAHİBƏ
“Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Marinaldo da Silva – “Çumbinyo” Topaz Premyer Liqasının V turunda AZAL-a 0:1 hesabı ilə uduzduqları görüşdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Görüş 90 dəqiqə bizim üstünlüyümüz şəraitində keçdi. Rəqibin cəmi bir real qol vəziyyəti oldu, ondan da istifadə etdi. Vəziyyət elə alındı ki, hesabı xeyrimizə dəyişə bilmədik. Halbuki, bunun üçün xeyli imkanımız var idi.

- Oyundan öncə AZAL-ı təhlil etmişdinizmi?
- Təbii ki, oyundan öncə rəqib haqda müəyyən bilgilər əldə edirik. AZAL haqda da məlumatımız var idi.

- Bəs rəqibə hansı komponentdə uduzdunuz? Bəlkə “Ayntraxt”la matçın yorğunluğu çıxmayıb?
- Məğlubiyyətin səbəbini yorğunluqla əlaqələndirmək olmaz. Meydana qələbə üçün çıxmışdıq. Əlimizdən gələni etdik, amma uduzduq. Top sanki qapıya girmək istəmirdi.

- Məğlubiyyət nəticəsində liderliyi əldən verdiniz. Amma əsas rəqiblərinizin büdrəməsindən maksimum istifadə etmək olardı...
- Biz sadəcə, liderliyi itirdik. Çempionat uzundu. Qarşıda hələ 31 tur var. Yəni, hələlik zirvəni əldən verdik, amma çempionluğa oynayacağıq.

- Artıq digər komandaların da oyunlarını izləmisiniz. “Qarabağ” bu heyətlə çempionluğa oynaya biləcəkmi?
- Düzdü, komandaları tanıyıram. Düşünürəm ki, mövsümün sonu bizim üçün yaxşı alınacaq.

- Son günlər “Qarabağ”ın braziliyalı legionerlərinin əcnəbi klublardan dəvət aldığı deyilir. Həmin klubların adlarını deyə bilərsiniz?
- Açığı, bizim xidmətimizdə hansı klubların maraqlı olduğunu bilmirik. Bu cür xəbərlər komandanın ofisinə gəlir.

- Əgər təklif alsanız, dəyərləndirəcəksinizmi?
- İndi bu cür mövzular haqda fikirləşməyin vaxtı deyil. Çempionat başlayıb, qarşımıza məqsəd qoyulub. Biz də komandanın bu məqsədə nail olması üçün əlimizdən gələni etməliyik. Hazırda bütün diqqətimizi “Qarabağ”ın uğur qazanmasına yönəltmişik.

- Milli komandaların oyunları ilə əlaqədar çempionatda fasilə yaranacaq. Bunu “Qarabağ” üçün faydalı hesab etmək olarmı?
- Fasilə zamanı üzərimdə çox işləyəcəm. Dincəlmək haqda düşünmürəm.