Sxadadzeni necə “vurur”lar?
02.09.2013 - 12:30
Sxadadzeni necə “vurur”lar?
Şeytan birini yanına çağırıb deyir ki, sənə özün ağırlıqda qızıl verirəm, əvəzində öldükdən sonra beynin mənə qalacaq. Adam bir az fikirləşincə, şeytan özündən çıxır: “Ay kişi, nə götür-qoy edirsən, al qızılı, canını tapşırandan sonra beyin sənin nəyinə gərəkdi”? Adamdan cavab gəlir: “Təklif maraqlı və cəlbedicidi, söz ola bilməz. Sadəcə, mənə harda “atdığı”nı anlaya bilmirəm”.

İndi sizcə, “qardaşlar” bizə harda “atır”? “İnter”in Premyer Liqanın sonuncu turunda “Simurq”a məğlub olmasını nəzərdə tuturuq. Hələ belə şey olmamışdı. Bakılıların Zaqatalada bəslədiyi farm-klubuna səfərdə uduzduğunu görmüşdük. Əyalət klubunun “Şəfa”da 3 xalı bayram etməsi isə bir ilkdi. Artıq illərdi lazım olduğu vaxtlarda asanlıqla “İnter”ə təslim olan, “qardaş”ına yol açmaq üçün iddialı rəqiblərə qarşı dirəniş göstərən “Simurq” indi “böyüyün” üzünə ağ olur. Heç belə də “qardaşlıq” olar? “İnter”in sonu çatıb, yoxsa Kaxaber Sxadadzenin? Hər halda bu, ictimaiyyət qarşısında özünü təmizə çıxarmaq cəhdi deyil.

“İnter”in arxa plana keçəcəyinə, “Simurq”a görə kölgəyə çəkiləcəyinə inanmıram. Hərçənd, hələ mövsüm başlamamış bu yöndə şayiələr gəzirdi, sponsorların Zaqatala klubunu önə çıxaracaqları söylənirdi. Lakin böyük hədəflər uğrunda mübarizə aparmaq üçün klubun paytaxtı təmin etməsinin daha əlverişli olduğunu nəzərə almaq lazımdı.

Hər halda, “İnter”in infrastrukturu iddialı bir kluba hesablanıb. Belə bir vəziyyətdə Sxadadzenin sonunun çatması daha realdı. Əslində, gürcüstanlı çalışdırıcı daha öncə - II turda “Qəbələ”yə səfərdə məğlub olduqdan sonra rəhbərliklə görüşüb, gələcəyini müzakirə edəcəyini söyləmiş, postundan gedəcəyinə hazır olduğuna işarə etmişdi. Lakin klub rəhbərliyi Sxadadzenin istefasını məqsədəuyğun saymayaraq, onunla yola davam etməyə qərar verdi.

Bəs indi nə baş verir? “İnter” bossları Sxadadzeni niyə “vurur”? Hər halda, “Simurq”un “İnter”i səfərdə məğlub etməsi üçün rəhbərliyin “yaşıl işıq” yandırması mütləqdi. Və Sxadadze də bunun fərqindədi. Elə ona görə də dünən oyundan sonra təşkil olunan mətbuat konfransına gəlmədi.

Görünür, “qardaş”, özü də vaxtı ilə köməkçisi olmuş Georgi Çixradzenin əli ilə vurulması ona pis təsir edib...

ŞAMO