Cavid Hüseynov: Erik Ramos artistlik etdi - MÜSAHİBƏ
02.09.2013 - 16:59
Cavid Hüseynov: Erik Ramos artistlik etdi - MÜSAHİBƏ
“Bakı” klubunun futbolçusu Cavid Hüseynov Topaz Premyer Liqasının V turu çərçivəsində “Neftçi” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Komandanız “Neftçi”ni darmadağın edərək xallarının sayını 9-a yüksəltdi. Bu qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Çətin olacağını bilirdik. “Neftçi” formalaşmış komandadı. Biz də yavaş-yavaş öz oyunumuzu tapırıq. 3:0 hesabı ilə qələbə qazansaq da, qarşılaşmanın bizim üçün asan keçdiyini demək olmaz. “Neftçi”nin adı bəsdi. Bu səbəbdən ciddi hazırlaşmışdıq. Sevindirici haldı ki, zəhmətimizin bəhrəsini gördük.

- İkinci hissədə qırmızı vərəqə ilə cəzalandırıldınız. Həmin epizodla bağlı nə deyə bilərsiz?
- Hakimlər meydanda hansı futbolçunun təxribatla məşğul olduğunu bilməlidirlər. Düzdü, əlimlə Erik Ramosu itələmişdim. Ancaq bundan qabaq Ramos mənə başla toxunmuşdu. Mən də əsəblərimi cilovlaya bilmədim. Onu itələyəndə, artistlik edib özünü yerə atdı.

- Bu hərəkətinizə görə baş hakimin sizi meydandan qovacağını bilirdiniz. Düşünmürsünüz ki, peşəkar futbolçu nə olursa-olsun belə etməməli idi...
- Əlbəttə, belə etməməli idim. Dediyim kimi, bir anlıq əsəblərimi cilovlaya bilmədim. Gərək Ramosa o cür cavab verməzdim. Onsuz da 2:0 hesabı ilə öndə idik. Oyun da bizim üstünlüyümüz şəraitində gedirdi. İstər-istəməz o cür reaksiya verdim.

- “Bakı” çempionata yaxşı başlamasa da, son 3 oyunda ardıcıl qələbələr qazandı. İlk iki turdakı məğlubiyyətin səbəbini nə ilə əlaqələndirirsiniz?
- Bəlkə də belə olması daha yaxşıdı. Həmin məğlubiyyətlərdən sonra komanda özünü yığışdırdı, özünə gəldi. Düşünürəm ki, məğlub olmaq haqqımızdan istifadə etmişik. Artıq uduzmaq olmaz.

- Komandanız son turlarda qapını toxunulmaz saxlamağı bacarır. Artıq “Bakı”nın müdafiə xəttinin də tam “oturduğunu” demək olarmı?
- Bizim müdafiə xəttimiz çox güclüdü. Müdafiədən narahatçılığımız yoxdur. Hücumçu, hücumameylli futbolçular üçün bundan rahat bir şey ola bilməz. Çünki biz irəlidə olarkən arxa xətdən tam əminik. Bilirik ki, orada keçilməz divar var.

- Artıq millilərin oyunları ilə əlaqədar çempionatda fasilə yaranıb. Siz də yığmaya dəvət olunmusuz. Komandamızın İsrail yığması ilə görüşündən nə gözləyirsiz?
- Özümə gəlincə, yaxşı formadayam. Baş məşqçi Berti Foqts şans verəcəyi təqdirdə 90 dəqiqə oynamağa tam hazıram. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, səfər qarşılaşmasından heç-heçə ilə ayrılacağıq.