Fərhad Vəliyev: Xeyr, mən barışmamışam! – MÜSAHİBƏ
02.09.2013 - 23:02
Fərhad Vəliyev: Xeyr, mən barışmamışam! – MÜSAHİBƏ
“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının V turunda AZAL-a 0:1 hesabı ilə uduzduğunuz qarşılaşma barədə nə deyə bilərsiz?
- Nə deyim, tez-tez top itkisinə yol verirdik. Bu da Avropa Liqasının pley-off mərhələsində “Ayntraxt”la cavab matçının yorğunluğunun nəticəsi idi. Həm uzun yol qət etməyimiz, həm də “Ayntraxt” kimi güclü komandaya qarşı başabaş mübarizə aparmaq istər-istəməz yorğunluq yaratmışdı. Ümumilikdə, pis oynamadıq. Komanda fasiləyədək heç də aktiv deyildi. Ancaq ikinci hissədə yaxşı təsir bağışladıq. Bunun nəticəsi kimi bir neçə qol epizodu da yaratdıq. Təəssüf ki, yaranan imkanlardan istifadə edə bilmədik.

- Baş məşqçiniz müdafiə xəttində dəyişiklik edərək, təcrübəli Admir Telini Bədavi Hüseynovla əvəzləmişdi. Bu dəyişiklik sizin üçün çətinlik yaratmırdı?
- Xeyr, hansısa problem yaratmadı. Müdafiə xətti inamlı çıxış etdi.

- Buraxdığınız qolda kimin səhvi var idi?
- Səhv etmirəmsə, qol buraxdığımız zaman cərimə meydançasında boş qalan Branislav Arsenyeviçi Corc Leroy “tutmalı” idi. O, vaxtında topa çatmadığına görə rəqib hesabı açdı.

- Qolun ötürməsi cərimə zərbəsindən oldu. Bəlkə canlı səddi düzgün qurmamışdınız?
- Fikrimcə, canlı səddə bir futbolçunun dayanması da kifayət edirdi. Çünki məsafə uzaq idi.

- Zərbəyə reaksiya vermədiz. Qapıçı üçün heç bir şans yox idi?
- Qol vurulan epizodda mənim hansısa səhvim yox idi. Sadəcə, nəzarətsiz qalan rəqib futbolçu şansından istifadə etdi.

- AZAL-la oyununuzadək turun 3 görüşü başa çatmışdı. Xüsusilə, son çempion “Neftçi”nin xal itirdiyi turda “Qarabağ” niyə xal ehtiyatını artıra bilmədi?
- AZAL-la qarşılaşma sübut etdi ki, cari çempionatda asan oyun yoxdur. Bütün komandalar heyətini gücləndirib. Bizi qarşıda daha çətin görüşlər gözləyir. Düzdür, bu məğlubiyyətlə liderliyi əldən verdik. Ancaq AZAL-la xallarımız eynidi. Qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq. Təbii ki, məqsədimiz liderliyi yenidən geri qaytarmaqdı.

- Vaxtilə əsas millinin əsas qapıçısı idiz. Deyəsən, artıq “Qarabağ”da ikinci qapıçı olmaqla barışmısız...
- Xeyr, mən bununla barışmamışam! Hər gün məşqlərimi edirəm. Ciddi hazırlaşıram. Üzərimdə səylə çalışıram. Ancaq heyəti baş məşqçi qurur.

- Əslində, sizə güvənəcək klublardan birinə keçib, daim heyətdə yer almaqla millidəki yerini də qoruya bilərdiz. Bu variantı niyə seçmədiz?
- Bunu da etmək olardı. Ancaq “Qarabağ”a bağlıyam. Bu komandayla daha çox uğur qazanacağımıza inanıram. Daha çox çalışıb, əsas heyətdəki mövqeyimi qaytarmaq istəyirəm. Bunun öhdəsindən gələcək gücdəyəm.

- “Qarabağ”a bu qədər bağlılığınız nədən irəli gəlir?
- “Qarabağ” mənim üçün daha yaxşı variantdı. Danışdıq, razılaşdıq və klubda qalası oldum.