“Özil istedadlı komandamıza fantastik əlavə olacaq”
03.09.2013 - 09:02
“Özil istedadlı komandamıza fantastik əlavə olacaq”
Yay fasiləsində istədiyi transferləri həyata keçirə bilmədiyi üçün davamlı olaraq sərt tənqidlərlə üzləşən London “Arsenal”ı ötən gecə azarkeşlərini sevindirdi. Apasport.az saytının məlumatına görə, “topçular” “transfer pəncərəsi”nin sonuncu günündə 2 futbolçunun keçidini rəsmiləşdirdilər. Söhbət Məsut Özil və Emiliano Vivianodan gedir.

“Arsenal” “Real”a məxsus Məsut üçün madridlilərə 47 milyon avro ödəyəcək. Müqavilənin şərtləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Türk əsilli almaniyalı futbolçu İngiltərə klubunun heyətində 11 nömrəli forma ilə çıxış edəcək.

“Arsenal”ın baş məşqçisi Arsen Venger klubun saytına açıqlamasında Almaniya millisinin üzvünü əldə etdikləri üçün xoşbəxt olduğunu bildirib: “Özil beynəlxalq səviyyədə özünü sübut edən böyük oyunçudu. Biz xeyli vaxtdı onun oyununu heyranlıqla izləyirdik. Belə ki, onda bizə lazım olan keyfiyyətlər var. Yay fasiləsində heyəti gücləndirmək yönündə ciddi səy göstərdiyimizi dəfələrlə söyləmişdim. Siyahımızda bir çox adlar vardı. Məsut istedadlı komandamıza fantastik əlavə olacaq. Onun Almaniya millisinin beynəlxalq matçından sonra düşərgəmizə gələcəyini səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, 2010-cu ildə “Verder”dən “Real”a transfer olunan Özil Madrid klubunun heyətində keçirdiyi 103 oyunda 19 qola imza atıb.

Emiliano Vivianoya gəlincə, İtaliya B seriyasında çıxış edən “Palermo”nun qapıçısı London təmsilçisində icarə əsasında oynayacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Fiorentina”da keçirmişdi.