Anqolalı bombardir “Neftçi”ni bəyənmədi
03.09.2013 - 14:52
Anqolalı bombardir “Neftçi”ni bəyənmədi
İspaniyanın “Valyadolid” klubunun futbolçusu Manuço karyerasını Azərbaycanda davam etdirmək istəməyib. Apasport.az saytının məlumatına görə, tam adı Mateus Alberto Kontreyras Gonçalves olan 30 yaşlı hücumçu bu yay “Neftçi”dən təklif alıb. Lakin Anqola millisinin ən yaxşı bombardirlərindən olan Manuço Azərbaycan çempionuna “yox” deyib.

Bu haqda məlumatı yayan əcnəbi həmkarlarımız “Neftçi”nin təklifini həddən artıq cəlbedici adlandırıb: “Manuço Çin klubları və Azərbaycan çempionu “Neftçi”dən aldığı yağlı təkliflərdən imtina etdi. Bundan başqa, onunla Fransa “Lill”i və Portuqaliya “Velenenseş”i də maraqlanırdı. Lakin Avropanın ən güclü çempionatında oynamaq istəməsi onun komandada qalmasına səbəb oldu”.

Qeyd edək ki, 2008-ci ildə vətəni Anqolanı tərk edən hücumçu “Mançester Yunayted”lə müqavilə imzalayıb.

Məşhur İngiltərə klubunda cəmi 1 rəsmi oyuna çıxan Manuço gününü icarələrdə - “Panatinaikos” və “Hall Siti”də keçirib. 2009-cu ildə “Valyadolid”ə transfer edilən forvard burada kifayət qədər oynasa da, Türkiyə klublarına icarəyə verilib.

“Bucaspor” və “Manisaspor”da icarədə olan anqolalı 2 il əvvəl yenidən “Valyadolid”ə qayıdıb. Hücumçu Anqola yığmasında 38 oyuna 21 qol vurub.