Toni Doblas: Böyük pullar qazanmaq istəyim gözümdə qaldı
03.09.2013 - 17:13
Toni Doblas: Böyük pullar qazanmaq istəyim gözümdə qaldı
“Klubla müqaviləni pozub, İspaniyaya qayıtmağa üstünlük verdim. Üzləşdiyim vəziyyətdə orada qalmaqdansa, geriyə dönmək daha yaxşı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblas deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin İsrail “Makkabi”si (Hayfa) ilə cavab oyunundan sonra komandadan qovulan ispaniyalı həmyerlilərinə ölkəmizdəki karyerasından danışıb: “Azərbaycanda keçirdiyim mövsüm pis alınmadı. Ölkə kubokunun finalında oyandıq. Lakin sonda penaltilərlə uduzduq. Avropa Liqasında mübarizəni dayandırmağımızla hər şey bitdi. Evimdən 10 minlərlə mil uzaqda böyük pullar qazanmaq istəyim gözümdə qaldı. FİFA-dan olan hüquqşünaslarla məsləhətləşmələrdən sonra İspaniyaya qayıtmağa qərar verdim”.

Doblas əyalətdə yaşamaqda çətinlik çəkdiyini də açıqlayıb: “Əvvəlcədən mənə Bakıda məskunlaşacağımızı demişdilər. Lakin biz paytaxtdan 4-5 saatlıq məsafədə, İranın lap sərhədində qalırdıq”.

Qapıçı gələcək karyerası ilə bağlı hələlik qeyri-müəyyənlikdədr: “Bəzi ekzotik təkliflərim var. Lakin onları qəbul etməyə tələsmirəm. Bəlkə də “Betis”dən təklif aldım. Bu komandada lap 5-ci qapıçı da olmağa hazıram”.