“Qəbələ”nin qapıçısı: Onunla çox şeyə nail olmaq mümkündü
04.09.2013 - 09:00
“Qəbələ”nin qapıçısı: Onunla çox şeyə nail olmaq mümkündü

“Əgər “Setubal”ın taleyi təkcə məndən asılıdırsa, günlərin birində geri qayıdacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin qapıçısı Dieqo Kosta deyib.

Azərbaycan təmsilçisinə Portuqaliyanın “Setubal” klubundan gələn braziliyalı legioner milli komandaların görüşləri ilə əlaqədar yaranan fasilə üzündən ölkəmizi tərk edib.

Qısa müddətə Portuqaliyaya üz tutan 34 yaşlı futbolçu əvvəlki klubundan danışıb: “Setubal”ın “Porto” ilə qarşılaşmasını izlədim. Sabiq komandam bacardığı hər şeyi etdi. Yaxşı oyun nümayiş etdirib, müqavimət göstərdilər. Bu onu göstərir ki, komanda sonadək yaxşı yerlər uğrunda mübarizə aparacaq. Mən Ramon Kardosonun oyununu bəyəndim. Hücumçu rəqiblərinə rahat nəfəs almaq imkanı vermir. Bu oyunçu ilə çox şeyə nail olmaq mümkündür”.

Kosta sabiq baş məşqçisi Xose Mota haqda da fikirlərini açqılayıb: “Məni Portuqaliyaya məhz bu mütəxəssis gətirib. Ona sonsuz dərəcədə minnətdaram. Mota çalışdığım ən yaxşı mütəxəssislərdəndir. Məncə, bu çalışdırıcı qələbələr üçün çox şey edəcək”.

Qeyd edək ki, Dieqo 2010-12-ci illərdə “Setubal”da çıxış edib.