Elnur Allahverdiyev: Toşaka vaxt verilməlidi – MÜSAHİBƏ
04.09.2013 - 13:40
Elnur Allahverdiyev: Toşaka vaxt verilməlidi – MÜSAHİBƏ
Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Milli sentyabrın 7-də İsraillə rəsmi oyuna çıxacaq. Bu qarşılaşmaya hazırlıq necə gedir?
- Ciddi hazırlaşırıq. Bütün futbolçular xal qazanacağımıza ümid edirlər. Malta üzərində böyük hesablı qələbə qazandıqdan sonra komandada özünəinam xeyli artıb.

- Malta üzərindəki qələbə böyük hesablı olsa da, son rəsmi oyunlardakı nəticələr ümidverici deyil. Bu nə ilə bağlıdır?
- Razıyam, Malta ilə yoldaşlıq matçı keçirdik. Lakin həmin qələbə komandada əhval-ruhiyyəni yüksəldib. Yaxşı hazırlaşırıq, futbolçulardan tutmuş rəhbərliyə qədər hamı ümidlidi. Çalışacağıq ki, rəsmi oyunlardakı qələbəsizlik seriyasına son qoyaq.

- İsraillə Bakıdakı görüşdə yığmamız yaxşı oyun nümayiş etdirdi. Hətta qələbə də qazanmaq olardı. Bəs səfərdəki qarşılaşmada yaxşı oyun göstərə biləcəksiniz?
- Niyə də bacarmayaq? Düzdür, rəqibə hörmətlə yanaşırıq. Ancaq onları elə də “şişirtmək” olmaz. Güclü, amma məğlub ediləsi rəqibdi.

- İsrailin pley-off mərhələsinə vəsiqə qazanmaq şansı var. Buna görə də rəqib bizdən daha istəkli olacaq. Bunu nəzərə almısınız?
- Təbii ki, nəzərə almışıq. Onların pley-offa yüksəlmək şansı olmasa belə, öz meydanlarında oynayırlar və bu amildən istifadə edəcəklər. Çətin olacaq. Hansısa çempionat oyunu deyil ki... Milli səviyyəsində görüşlər hər zaman çətin keçir. Belə oyunlarda komandalar sürətli futbola üstünlük verirlər. Özümüzə inanırıq.

- “Xəzər Lənkəran”ın çıxışı haqda nə deyə bilərsən? Komanda niyə qələbə qazana bilmir?
- “Qara zolağa” düşmüşük. Məncə, qazanılacaq bir qələbə bizi “qara zolaq”dan çıxaracaq.

- Komandanın istənilən nəticələri qazana bilməməyi azarkeşləri hiddətləndirib. Hətta onlar baş məşqçi Con Toşakın istefaya göndərilməsini tələb edirlər...
- Bu artıq rəhbərliyin işidir. Futbolçular buna qarışa bilməz.

- Bu cür uğursuz nəticələrdə baş məşqçinin günahı çoxdur, yoxsa meydanda tapşırıqları yerinə yetirə bilməyən futbolçuların?
- Hamının səhvi var. Belə götürəndə, baş məşqçi əvəzimizə futbol oynamayacaq ki. Meydanda tapşırıqları yerinə yetirən futbolçulardır.

- Komandanın içərisində olan biri kimi necə düşünürsüz: məşqçilər korpusunda dəyişiklik edilməlidi?
- Bu rəhbərliyin səlahiyyətinə aid məsələdi. Məncə, baş məşqçiyə vaxt verilməlidir.

- Azarkeşlərin son oyunlarda aqressiv davranmasında uğursuz nəticələrin rolu nə dərəcədədi?
- Hamısı nəticədən irəli gəlir. Qələbə qazanıb, azarkeşlərin könlünü almalıyıq.

- Son günlərdə sabiq baş məşqçiniz Mirça Rednikin yenidən komandaya qayıtmaq ehtimalının olduğu bildirilir. Komanda daxilində bu müzakirə olunubmu?
- Bu haqda biz də saytlardan və qəzetlərdən oxuyuruq. Bunun nə dərəcədə həqiqət olub olmadığını deyə bilmərəm.