“Burda hamı yalnız Azərbaycan üzərində qələbəni düşünür”
04.09.2013 - 14:24
“Burda hamı yalnız Azərbaycan üzərində qələbəni düşünür”
“Azərbaycan yığmasını məğlub etməmiş, Rusiya haqda danışa bilmərik. Öncə sentyabrın 7-də keçiriləcək görüşü qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail Futbol Assosiasiyasının prezidenti Avi Luzon deyib.

Qurum başçısı DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq İsrail yığmasının üzvlərini qəbul edib.

Futbolçuları sentyabrın 6-da qeyd olunan yəhudilərin yeni il bayramı münasibətilə təbrik edib, onları arxada qalan ildəki uğurlarına uyğun şəkildə mükafatlandırıb: “Biz burada bayrama görə yığışsaq da, 1 məqsədimiz var. Bu da şənbə günü Azərbaycanı məğlub etməkdir. Nə yaxşı ki, futbolu kağız üzərində oynamırlar. Futbol bir-birini tamamlayan 11 nəfərin oyunudur. Və biz yaxşı oynamalıyıq. Burda olan hər kəs yalnız Azərbaycan üzərində qələbəni düşünür. Hamımız buna konsentrasiya olmuşuq. Rusiya haqda oyundan sonra danışarıq. İndi isə mundial ümidimizi qorumalıyıq”.

Luzon milli ilə bağlı xəyalını da açıqlayıb: “İsrail yığması ilə dünya çempionatının final mərhələsinə yüksəlməsini arzulayıram. Bu, mənim xəyalımdır. Assosiasiyanın prezidenti seçildiyim gündən bu arzu ilə yaşamışam”.

Qeyd edək ki, tədbirdə milli komandada 75 oyun keçirən qapıçı Dudu Avat da fərdi mükafatlandırılanlar sırasında olub. Luzon ona 100-ə çatmağı arzulayaraq millidəki oyunlarına görə təşəkkür edib.