Vidadi Rzayev: Kimi nəzərdə tutuğumu özü biləcək - MÜSAHİBƏ
04.09.2013 - 15:31
Vidadi Rzayev: Kimi nəzərdə tutuğumu özü biləcək - MÜSAHİBƏ
Bu gün “Kəpəz” klubunun baş məşqçisi təyin olunan Vidadi Rzayevin apasport.az saytına müsahibəsi

- “Kəpəz”in baş məşqçisi postuna gətirilməyiniz bir qədər gözlənilməz oldu. Düzdür, siz də Gəncə futbolunun tanınmış simalarındansınız. Ancaq son anadək bu vəzifəni Mehman Allahverdiyevin yerinə yetirəcəyi deyilirdi. Təyinatınız necə baş tutdu?
- “Kəpəz”in baş məşqçisi təyin olunmağım doğrudur. Bu gün xəbər tutmuşam. Təklif Mehman müəllimdən gəldi. Bildiyiniz kimi, o, Gəncə futbolunun kuratorudur. Məni bu posta məsləhət bilən hər kəsə təşəkkür edirəm. Bu komanda hamımız üçün doğmadı. Hər zaman canla-başla işləməyə hazırıq.

- Yeni mövsüm sentyabrın 14-də start götürəcək. Bu qısa müddət ərzində komanda qurmaq olacaqmı?
- Gəncədə futbolçu çoxdur, bu baxımdan problem olmamalıdır. Bəzi səbəblər, səbəbkarlar var. Bu üzdən yubandıq. Sabah ilk məşqimizə çıxacağıq. Çempionat başlayana qədər heyəti qurmağa çalışacağıq.

- Səbəbkarlar dediniz, kimi nəzərdə tutursunuz?
- Kimi nəzərdə tutuğumu özü biləcək. Klubun işləri vaxtında Mehman Allahverdiyevə həvalə olunsaydı, indi hər şey qaydasında idi. Lakin təəssüf ki, “Kəpəz”in əvvəlki kuratoru İsgəndər Cavadov xarici ölkələrdə səfərdə olduğundan vəziyyət bu həddə çatdı.

- Heyəti formalaşdırmaq üçün fikrinizdə hansısa futbolçular varmı?
- Dediyim kimi, Gəncədə oyunçu çoxdur. Bizə əsas problem yaradan 21 yaşadək olanları tapmaqdı. Axtarırıq, başqa klublarda olan uşaqlarımız var. Gücümüz çatanları gətirəcəyik, ən azı icarəyə götürməyə çalışacağıq. Futbolçuları da qınamıram, onlar çox gözlədilər. Ancaq görəndə ki “Kəpəz”in fəaliyyətinin davam etdirilməyi ilə bağlı irəliləyiş yoxdur, hərəsi bir yerə getdi.

- Yəqin ki, komandaya legioner cəlb etməyəcəksiniz...
- Xeyr, öz uşaqlarımız oynayacaq. İndiki durumda əcnəbi futbolçulara ehtiyac duymuruq.

- Komandanın qarşısına konkret məqsəd qoyulub?
- Hələlik bu barədə danışmaq tezdi. Əlimizdə bəlli bir heyət olmadan nəsə demək düz olmaz. Bacardığımız qədər irəli getməyə çalışacağıq.

- “Kəpəz”in sənədləşmə işləri nə yerdədir, komanda növbəti mövsümdə elitada çıxış etmək üçün lisenziya ala biləcək?
- Bütün məsələlərin həllinə çalışırıq. İnşallah, heç bir problem olmaz.