Yoahim Löv: “Real” Məsutu göndərməklə çox böyük səhv edib
04.09.2013 - 23:04
Yoahim Löv: “Real” Məsutu göndərməklə çox böyük səhv edib
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv yetirməsi Məsut Özilin “Arsenal”a keçidini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan təcrübəli mütəxəssis Madrid klubunun Məsutun yerini doldura bilməyəcəyini deyib.

Löv 24 yaşlı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasında daha da inkişaf edəcəyini bildirib: “Real”ın ən dəyərli futbolçusunu klubdan göndərməsi çox anlaşılmaz bir durumdur. Məsut son dərəcə keyfiyyətli futbolçudur. “Real” onu göndərməklə çox böyük səhv edib. İspaniyada Məsuta 100 faiz güvənilmədiyini düşünürəm. “Arsenal” isə onu transfer etmək üçün çox çalışdı və ona güvəndiyini göstərdi. Futbolçumuzun “Arsenal”a keçməyi milli komandamız üçün də çox yaxşı oldu. Çünki, Məsut orada texniki səviyyəsi yüksək olan bir klubda çıxış edəcək və daha da güclənəcək”.

Qeyd edək ki, türk əsilli futbolçu 2009-cu ildən Almaniya millisinin əsas komandasında çıxış edir.