“Dinamo” rəhbərliyi AFFA-ya təşəkkür etdi
05.09.2013 - 09:14
“Dinamo” rəhbərliyi AFFA-ya təşəkkür etdi
Almaniyalı mütəxəssis Olaf Yansen Azərbaycan milli komandasındakı 5 illik fəaliyyəti başa çatıb. Apasport.az saytının məlumatına görə, bunu Drezdenin “Dinamo” klubunun baş direktoru Kristian Müller açıqlayıb.

O bildirib ki, komandasının baş məşqçi postuna gətirilən Yansenin Berti Foqtsun köməkçisi olduğu yığmamızla bağlılığı məsələsi həll olunub: “Biz AFFA-ya, xüsusilə də Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa onun millidən ayrılmasına imkan yaratdığı üçün minnətdarıq. Onlar Yansenə klubumuza keçməkdə dəstək oldular. Yansen elə məşqçidir ki, ona etimad göstərilməsinə layiqdir. Biz arxayınıq ki, mütəxəssis öz dəqiq ideyalarını həyata keçirəcək”.

Klubun idman direktoru, Yansenin təyinatına qədər baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ştefan Menze yeni çalışdırıcı haqda müsbət fikirlərini açıqlayıb: “Baş məşqçi axtarışına başlayandan sonra namizədlərimiz arasında əsas favorit Olaf Yansen idi. Bu mütəxəssis öz iş konsepsiyasına malik çalışdırıcıdır. 2015-ci ilədək müqavilə imzaladığımız Yansen zəngin məşqçi təcrübəsinə malikdir. Biz ona hədəflərimiz çatmaq üçün vaxt verəcəyik. Mütəxəssis Drezdendəki işi ilə komandaya yeni ruh gətirməlidir”.