Maksim Medvedev: Oynamayacağım hiss olunur – MÜSAHİBƏ
05.09.2013 - 11:55
Maksim Medvedev: Oynamayacağım hiss olunur – MÜSAHİBƏ
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat-Qan şəhərində İsrail millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

- Komandamız İsraillə qarşılaşmadan nə gözləyir?
- Hamı bilir və başa düşür ki, İsrail yığması güclüdü. Bu rəqibə qarşı oyunumuz çətin olacaq. Azərbaycan çempionatında 5 tur arxada qalıb. Bu səbəbdən hiss olunur ki, bütün futbolçular formadadı və özlərini yüksək səviyyədə göstərə biləcəklər. Komandada əhval-ruhiyyə yaxşıdır, hamı mehribandı. Hamı ağır oyun olacağını bilir. Maksimum gücümüzü əsirgəməməliyik. Komanda İsraildən ancaq yaxşı nəticə ilə qayıtmaq istəyir.

- Rəqibin oyununun videoyazısına komanda şəklində baxmaq imkanınız olub?
- Hələlik yox. Yəqin ki, oyundan öncə baxacağıq. Baş məşqçi də bizə bu komanda haqqında lazımi məlumatları çatdıracaq. Rəqibin oyununa sonuncu dəfə baxandan sonra dəqiq biləcəyik ki, bizi meydanda necə komanda gözləyir.

- Klublarımızın İsrail komandaları ilə oyunu heç alınmır. “Xəzər Lənkəran”ın Hayfa “Makkabi”sinə 0:8 uduzması bir faktdı. Üstəlik, yığmanın tarixində 0:6 hesablı İsraildə biabırçı məğlubiyyəti var. Bu üzdən bəziləri fikirləşir ki, yenə böyük hesablı yenilgi qeydə alınacaq...
- Bilirsiniz, necədir, klubla yığma fərqlənir. Orda kiminsə oyunu alınmadısa, bütün komandanın oyunu da alınmaya bilər. Ancaq yığmada oyunu alınmayan futbolçuya layiqli əvəzetmələr olur. Milliyə Azərbaycanın ən güclü futbolçuları toplanıbsa, fikrimcə, onlar imkan verməz ki, böyük hesablı yenilgi baş versin. Ümumiyyətlə, mən inanmıram ki, İsrailə məğlub olacağıq. Çünki oyunçularımıza baxanda görünür ki, hamı 100 faiz hazırdı.

- Bakıdakı bərabərlik İsraildən xal almaq üçün ümid verir?
- Əlbəttə. Ancaq bir şeyi də qeyd etmək lazımdı ki, onlar Bakıdakı kimi oynamayacaqlar. Bu dəfə doğma azarkeşləri önündə daha güclü oynamağa çalışacaqlar. Artıq bilir ki, Azərbaycan necə futbol nümayiş etdirir. Onların da baş məşqçisi oyunumuzu analiz edib başqa strategiya ilə komandasını qarşılaşmaya çıxaracaq. Bu, dəqiq belədi. Ona görə də İsraildən bu dəfə başqa futbol gözləməliyik.

- İsrail yığmasının heyətində xüsusi oyununu qeyd edə biləcəyiniz futbolçular kimlərdi?
- Bu komanda elədi ki, onlar kollektiv futbol nümayiş etdirir. Onlarda hansısa oyunçunu fərqləndirmək olmaz. Kollektiv futbol nümayiş etdirən komandaya qarşı oynamaq 1-2 güclü futbolçusu olan milliyə qarşı çıxış etməkdən daha çətindi. 1-2 güclü oyunçusu olan komandanın həmin futbolçularını bağlamaq mümkündü. Ancaq komanda kollektiv futbol oynayanda artıq oynamaq bir az çətin olur. Hamı bir-birini başa düşür. İsrailə qarşı çox diqqətli oynamalıyıq. Çünki hər səhvimiz bizə baha başa gələ bilər. Ona görə də oyuna bütünlüklə köklənməliyik.

- Əsas heyətdə yer alacağınıza ümidiniz varmı?
- Bu, baş məşqçidən asılıdı. Bu gedişlə hiss olunur ki, əsas heyətdə yer almayacağam. Çünki məşq prosesindən bunu bilmək olur. Çox güman ki, müdafiənin sağında Mahir Şükürov çıxış edəcək. Ancaq fərqi yoxdur ki, kim oynasın. Əsas odur ki, millimiz qələbə qazansın.

Səbuhi TOFİQOĞLU
Təl-Əviv