Sonuncu səfər və ya “3”ün astanasında
06.09.2013 - 10:00
Sonuncu səfər və ya “3”ün astanasında
Azərbaycan millisi sabah DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi komanda İsrail yığmasının qonağı olacaq.

Bu qarşılaşma Avropa zonasının F qrupunda mübarizə aparan millimizin qrupda 8-ci matçı olacaq. 7 oyunda qələbə qazana bilməyən komandamız həsrətə səfərdə son qoymağa çalışacaq. Keçirdiyi görüşlərdə 4 heç-heçə edən və 3 dəfə uduzan yığmamız qalib gəlməklə, 4-cü pilləyə yüksələ bilər. Lakin bunun üçün Şimali İrlandiya da məğlub olmalıdı. Qrup lideri Portuqaliyanın qəbul edəcək Böyük Britaniya təmsilçisinin xalsız qalması millimizin işinə yarayacaq. Çünki komandamız bu dəfə qalib gəlməsə belə rəqibini keçmək imkanını saxlayacaq.

Belə ki, sabah Ramat-Qan şəhərinin eyniadlı stadionunda baş tutacaq görüşlə millimiz seçmə mərhələdə səfər matçlarını yekunlaşdıracaq. Son 2 qarşılaşmanı evdə keçirəcək komandamız əvvəlki 4 səfər matçında 2 xal əldə edib. Lüksemburq və Şimali İrlandiyaya səfərdə uduzmayan komandamız yalnız Rusiya ilə Portuqaliyadan xal qopara bilməyib. Rəqib meydanında keçirdiyi son 2 qarşılaşmada uduzmayan millimiz Şimali İrlandiyada başlayıb Lüksemburqda davam edən seriyasını 3-ə çatdırmağa çalışacaq.

Mundialın final mərhələsinə yüksəlmək şansları olan İsrail yığması isə xal itirmək haqda düşünmür. Heyətində ciddi itkilər olmasına baxmayaraq Eli Qutmanın yetirmələri 3 xal iddiasındadır. Ötən il elə sentyabrın 7-də Bakıda rəqibindən xal alan Foqtsun komandası gələn ay Bakıda keçirəcəyi qarşılaşmalar ərəfəsində yaxşı əhval-ruhiyyədə olmaq üçün səfərdən xalla qayıtmalıdır.

Qeyd edək ki, millimiz oktyabrın 11-də Şimali İrlandiya, 15-də Rusiyanı qəbul edəcək.

22:45. İsrail – Azərbaycan
Baş hakim: Stefan Yohannesson
Baş hakimin köməkçiləri: Stefan Uittberq, Fredrik Nilsson
Dördüncü hakim: Mikael Lerjeus (hamısı İsveç)
Hakim-inspektor: Miroslav Radoman (Serbiya)
Komissar: Jan-Fransua Krake (Belçika)
Ramat-Qan. Ramat-Qan stadionu